ABŞ və Fransa regionda sülhə mane olduqlarını göstərdilər - ŞƏRH

Son günlər Rusiyanın neytrallaşması, rəsmi Bakı ilə uzlaşması Vaşinqtonu və Parisi qıcıqlandırıb

"Şuşada diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən konfrans Azərbaycanın ərazi bütövlüyünün, münaqişənin bitdiyinin növbəti nümayişidir".

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. 

Partiya rəsmisi bildirib ki, bu konfrans xüsusi əhəmiyyət kəsb edir: 

"Səfirlər, diplomatlar Şuşaya səfər etməklə Qarabağdakı son vəziyyət, quruculuq işləri, yeni layihələr barədə ətraflı məlumat əldə edirlər. Təəssüf ki, ABŞ və Fransa səfirləri rəsmi Bakının dəvətini növbəti dəfə qəbul etməyiblər. Bu, Azərbaycan dövlətinə hörmətsizlikdir. Hər iki dövlətin regionda sülhə mane olduqlarının göstəricisidir. Münaqişə bitib və aktiv faza geridə qalıb. Sadəcə müəyyən daxili problemlər qalıb ki, onlar da zamanla yoluna qoyulmaqdadır. Belə görünür ki, ABŞ və Fransa hələ də erməni lobbisinin təsiri altındadır. Bu ölkələr münaqişə ocağının qaynamasında maraqlıdır. Son günlər Rusiyanın neytrallaşması, rəsmi Bakı ilə uzlaşması Vaşinqtonu və Parisi qıcıqlandırıb. Ona görə də belə davranışlarla erməni işğalına haqq qazandırır, dəstək olurlar. ABŞ ara-sıra obyektiv mövqe tutsa da, son dönəmlər problemli yanaşma sərgiləyir. Ancaq anlamaq lazımdır ki, səfirlərin Şuşaya getməsi indi heç İrəvanı da narahat etmir. Ermənistan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlarını deyiblər".