Allergiyası olanlar çiyələk yeməməlidir - Qida məsələləri üzrə ekspert

Təəssüf ki, əhalimiz arasında öz orqanizmini tanımayan, ona bələd olmayan insanlar çoxdur

Çiyələk yedikdən sonra bədəni tanınmaz hala düşmüş vətəndaşla bağlı məlumat bu giləmeyvənin faydaları və zərərləri məsələsini aktuallaşdırıb. Məlumdur ki, çiyələyin mövsümü may ayının ortalarından iyun ayının sonunadək yetişir. Amma təbii şəraitdə.

Bu da məlumdur ki meyvə-tərəvəzlərin əsl mövsümü artıq çoxdn tarixə qovuşub. İndi qış aylarında da satışda çiyələk də var, qarpız-yemiş də. Əlbəttə ki, bu meyvələr süni üsulla, kimyəvi dərmanlar hesabına, istixana şəraitində yetişdirilir. Ona görə də tez xarab olur, hətta allergik reaksiyalara, zəhərlənməyə səbəb ola bilir. Dərisində qırmızı, böyük ləkələr əmələ gəlmiş vətəndaşın da məhz çiyələkdən bu hala düşdüyü bildirilir. Həkimin səyi ilə lazımi prosedurlar nəticəsində vətəndaşın həyatı xilas edilib. Çiyələk bu qədərmi təhlükəlidir?   

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a qeyd edib ki, çiyələyin tərkibində az miqdarda zülallar var və bəzi hallarda bu zülallar insanlarda allergik reaksiyalara səbəb ola bilər:

Bir çox insanın orqanizmi çiyələyi qəbul etmir və bu, allergik reaksiyalara səbəb olur. Təəssüf ki, əhalimiz arasında öz orqanizmini tanımayan, ona bələd olmayan insanlar çoxdur. Onlar bilmirlər ki, hansı meyvə, tərəvəz və ya digər qidalar onlarda allergik reaksiyalara səbəb ola bilər. Bir məqamı da əlavə edim ki, meyvə və tərəvəzlərin yetişdirilməsi zamanı pestisidlərdən istifadə olunur. Bəzən fermerlər və kəndlilər daha bol və daha keyfiyyətli məhsul əldə etmək məqsədilə normadan artıq pestisid tətbiq edirlər. Lakin onların keyfiyyətli hesab etdiyi məhsul əslində keyfiyyətsiz olur, çünki qida allergiyasına səbəb ola bilir. Meyvə və tərəvəzlər alınandan sonra düzgün emal edilməlidir. Onlar yaxşı yuyulmalıdır. Bunun üçün adi çay sodasından istifadə etmək olar. Bu, allergiya riskini qismən azalda bilər, lakin allergiyaya meyilli insanlarda yenə də allergik reaksiyaya səbəb ola bilər.

A. Salamov qeyd edib ki, əvvəllər meyvə və tərəvəzlər öz mövsümündə yetişirdi, meşə və dağ çiyələkləri isə dərmansız olurdu. Lakin indi vəziyyət dəyişib. Bazarlarda iri ölçülü çiyələklər geniş yayılıb. Bu halda qida allergiyası riskinin artması qaçılmazdır:

-Ənənəvi sort çiyələklərlə indiki çiyələklər eyni deyil. Meşə və dağ çiyələkləri daha təhlükəsiz hesab olunur. Lakin allergiyası olan şəxs üçün istər meşə çiyələyi, istərsə də istixana şəraitində yetişdirilmiş çiyələk olsun, nəticə dəyişmir - yenə də allergik reaksiya yarana bilər. Buna görə də allergiyası olan insanlar çiyələkdən uzaq durmalıdırlar.