Aprel döyüşləri dünyaya mesaj verdi: Azərbaycan torpaqlarını azad edəcək!

Xalqımızı qələbəyə ruhlandıran Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatı və 2020-ci ilin iyulundakı Tovuz döyüşləri Ermənistanın işğal etdiyi torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində qələbəyə aparan yolun başlanğıcı oldu. Aprel döyüşlərinin Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdığını söyləyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycanın hərb tarixində önəmli mərhələ olan Aprel döyüşlərini xalqımız bu gün qürurla xatırlayır: 

- Düşmən işğalında qalmış 2000 hektar ərazi Aprel döyüşləri zamanı ordumuz tərəfindən azad edildikdən sonra xalqımızın həsrətində olduğu belə qələbələrin davamlı olacağına, bütün torpaqlarımızın azad ediləcəyinə inam yarandı. Bütövlükdə ordu–xalq vəhdəti özünü yüksək səviyyədə göstərdi. Bu vəhdətin nəticəsini biz 44 günlük İkinci Qarabağ müharibəsində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Bir məqamı xüsusilə qeyd etmək istərdim. Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik xidmətinə müraciət etdi. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaradılmışdı. İstər 2016-cı il Aprel döyüşlərində, istərsə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular. Hər iki döyüş Ermənistan ordusundakı fərarilərin sayının artdığını göstərdi. Digər tərəfdən Qarabağ münaqişəsinin uzun müddət davam etməsində maraqlı olan və hər zaman ermənilərə dəstək olan bəzi məkrli xarici qüvvələrə Aprel döyüşləri ciddi mesaj idi. Bu xəbərdarlıq ondan ibarət idi ki, Azərbaycan Ordusu gec-tez öz torpaqlarını azad edəcək. Gerçəkdən bu proses 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində baş verdi.

Ə.Bəydəmirli qeyd etdi ki, Aprel döyüşləri erməni separatçıları tərəfindən uydurulmuş “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı:

- Aprel döyüşləri hərbi uğurlarla yanaşı, çox ciddi psixoloji dönüşə də səbəb oldu. Azərbaycan cəmiyyətində xeyirin şər üzərində mütləq qalib gələcəyi təfəkkürünü möhkəmləndirdi. Yekunda ilahi ədalət İkinci Qarabağ müharibəsində bərqərar oldu. Belə qalibiyyət, tarixi zəfər düşünülmüş strateji siyasət və böyük fədakarlıq nəticəsində qazanıldı. Bu müqəddəs yolda qurban gedən bütün şəhidlərimizi ehtiramla anırıq, ruhları qarşısında baş əyirik.