Avropa Parlamentinə etiraz bəyanatı! – "Azərbaycana qarşı növbəti qərəzli yanaşma..."

“Dağıdılan və vəhşiliyə  məruz Azərbaycan xalqının tarixi və mədəni irsidir. Amma biz Avropanın növbəti ikiüzlü, ikilistandartlı mövqeyini görürük”

“Bəlkə də oradakı deputatların böyük əksəriyyəti ümumiyyətlə Azərbaycan haqqında məlumatları yoxdur”  


Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar.
“Sherg.az” bəyanatı təqdim edir: “Biz, QHT nümayəndələri beynəlxalq təşkilatlara və UNESCO-ya bir neçə dəfə müraciət edərək Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib.

Ümumilikdə Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıdıb. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, bütün insanlığa qarşı olan bir təhqirdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, on illərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur.

Biz, Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik”.

Həmçinin Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Bəyanatda qeyd olunub ki, Avropa Parlamenti artıq bir sıra faktları qəbul etməlidir:

“Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan xalqının yüksək milli, mənəvi və mədəni dəyərlərinə kölgə sala bilməyəcək adi bir kağız parçasıdır.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qərəzli şəkildə yalan məlumatlar yaymaq cəhdini şiddətlə qınayır və regionda normallaşma prosesinə ziyan vuracaq təxribatlardan çəkinməyə çağırır”.

Eyni zamanda, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti Avropa Parlamentinin erməni yalanlarına əsasən hazırlanan və Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yanlış iddialarını tənqid edib və kəskin şəkildə pisləyərək quruma etiraz bəyanatı ünvanlayıb. Heyət bildirib ki, bu bəyanatı qərəzli və tamamilə qeyri-obyektiv hesab edirik:

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ümid edirik ki, Avropa Parlamenti birtərəfli qaydada – yalnız erməni tərəfinin böhtan xarakterli iddiaları əsasında hazırlanan bu qətnamədən imtina edəcək, Qarabağ və ətraf rayonlarda erməni faşizmi tərəfindən viran edilən saysız-hesabsız mədəniyyət abidələrini, dini-tarixi memarlıq əsərlərini “görəcək”, bu tarixi səhvini erməni vandalizmini ifşa edən qətnamə və bəyanatlarla ən qısa zamanda düzəldəcəkdir!”

Azərbaycanda özəl və dövlət təşkilatlarının Avropa Parlamentinə ünvanladığı məktubla bağlı “Sherg.az”a danışan millət vəkili Ceyhun Məmmədov açıqlamasında bildirib ki, bu bizə qarşı növbəti ikili standartların və qərəzli yanaşmanın təzahürüdür:

“Təəssüf ki, artıq biz növbəti dəfə  belə bir ədalətsizliklə qarılaşırıq. Əslində terrora məruz qalan Azərbaycandır. Bizim 67 məscidimiz dağıdılıb, tarixi-dini abidələrimiz məhv edilib, çoxlu sayda məktəb və bağçalar, mədəniyyət ocaqları, hətta bizim qəbiristanlaq dağıdılaraq, oradan insanların sümüyü çıxarılıb. Bu ölkələrin səfirliklərinin əməkdaşları həmin ərazilərdə olub və bu prosesləri gözləri ilə görüb. Bunu arayış şəkilində öz dövlətlərinə təqdim ediblər.
Amma təəssüflə qeyd etmək lazımdır ki, bu gün biz belə bir yanaşma ilə qarşılaşırıq. Söhbət kifayət qədər sayda deputatın saxta sənədlərə səs verməsindən gedir. Yəni, mən özüm dəfələrlə həmin ərazilərdə olmuşam. Orada heç bir erməni abidəsi dağıdılmayıb, vəhşiliyə  məruz qalmayıb. Amma bizim İrəvanda, Qarabağda yüzlərlə məscidimiz, abidəmiz dağıdılıb. Bütün bunlara məruz qalan Azərbaycandır. Amma biz Avropanın növbəti ikiüzlü, ikilistandartlı və qərəzli yanaşmasını görürük. Bəlkə də oradakı deputatların böyük əksəriyyəti ümumiyyətlə Azərbaycan haqqında məlumatları yoxdur”.  

Millət vəkilinin fikrincə, bu islamafob bir yanaşmadır:

“Burada əlbəttə erməni diasporasının çox böyük rolu var. Səsverən deputatların bir hissəsinin bu diaspor ilə çox sıx əlaqələri və biznes maraqları var. Amma onların heç biri 4000-ə yaxın taleyi məlum olmayan vətəndaşlarımızla bağlı  reaksiya vermirlər. Bu bizə qarşı açıq-aydın qərəzdir, ədalətsiz yanaşmadır”.

Ceyhun Məmmdov sonda qeyd edib ki, Azərbayacanda QHT qurumları, həmkarlarımız, dövlət qurumları bu qətnaməni qətiyyətlə pisləyir: “Bir daha bildirirəm ki, reaksiya verilməlidir və baş verənlər kəskin şəkildə pislənilməlidir. Nəzərə çatdırılmalıdır ki, belə məlumatların heç bir əsası yoxdur”.

 ÇİMNAZ