Azərbaycan sərhədlərini möhkəm qoruyur:“İranın agentləri, narkotik gətirənləri...”

Aprelin 7-də Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında 3 nəfər naməlum şəxsin Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. Onların İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunub.

Bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

Xidməti ərazi tam qapadılaraq naməlum şəxslərin təqibinə başlanılıb. Onlar odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli “Kalaşnikov” avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9 915 qram marixuana, 10 650 qram heroin, 85 qram tiryək, 4 080 qram metamfetamin) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Sırhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.

Baş verən hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, hazırda Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, dəfələrlə İran ərazisindən Azərbaycana qeyri-qanuni şəkildə gələn naməlum şəxslər tutulub. Onlar silah və narkotika keçirmək, hətta erməni terrorçularına kömək üçün bu cür əməllərə baş vururlar. Lakin cənub qonşumuz hər hansısa tədbir görmür. Bəlkə də, göz yumur.

Mövcud problemlə bağlı “Sherg.az”a danışan Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri Əjdər Tağızadə bildirib ki, Tehran rejimi qonşuları ilə heç vaxt düzgün münasibət yaratmayıb:

“Onlarla sərhədlər ilə bağlı həmişə problem baş verir. İraqdakı bütün çatışmazlıqlara rəğmən, bu dövlətlə belə bu mövzuda narahatlıqla qarşılaşır. O da, Pakistan da İrandan şikayətçidir.

 Hətta Əfqanıstana baxsaq, Əşrəf Qəni bəyin vaxtında da, indiki Taliban rejiminin dövründə də bu cür ziddiyyətlər özünü büruzə verir. Türkmənistan və Türkiyə də bu ölkələrlə eyni müqəddaratı yaşayır”.

Birlik rəhbəri izah edib ki, İran Azərbaycanla sərhədlərlə bağlı müəyyən edilən beynəlxalq qanunlara əməl etmir:

“Ən azından 30 ildir, oradan ölkəmizə qaçaqçılar, cinayətkarlar və casuslar göndərilir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ərazimizdə bunların agentləri, erməni separatçıları ilə işləyənləri, narkotik gətirənləri və s. həmişə tutulur, həbs olunur. 

Bizdə  bunların məhkəmə prosesi keçirilir. Dövlətimizin, Türkiyənin və digər ölkələrin adı bu tip qanunsuz hadisələrdə hallanmır. Xüsusilə, qardaş ölkə özü terroristlərlə və cinayət əməlləri ilə məşğul olanlara qarşı mübarizə aparır”. 

 Ə.Tağızadə cənub qonşumuzun bizə qarşı bu fəaliyyətini dayandırmayacağını vurğulayıb:

“Sevindirici haldır ki, Azərbaycan sərhədlərini möhkəm qoruyur. Tehranın qeyri-leqal əməllərini ifşa edirik. O göstərir ki, bizim üçün yaxşı dost ölkə olmayacaq. Azərbaycanın güneyində, "İran"adlanan yerdə 40 milyon soydaşımız əsarətdədir. Ona görə də, fars rejimi heç vaxt bu fitnə-fəsadlıqlardan əl çəkməyəcək”.