Azərbaycan Türk Oçağı Qazaxıstan hadisələri ilə bağlı BƏYANAT YAYIB 


  Azərbaycan Türk Ocağı qardaş Qazaxıstan Respublikasında 2 yanvar 2022-ci ildən başlayan, sonradan ölkə ərazisini bürüyən etiraz aksiyaları zamanı qətlə yetirilənlərə görə kədərlənir, soy qardaşlarımız olan qazax türklərinin bu ağır günlərində onlarla həmrəy olduğunu bildirir, hadisələr zamanı yaralananlara Tanrıdan şəfa diləyir.

 Azərbaycan Türk Ocağı ölkə daxili etirazların nəzarətdən çıxaraq daha çox itkilərə, dağıntılara, zorakılığa səbəb olmaması üçün Qazaxıstandakı milli qüvvələri birliyə cağırır,  narazılıqları sivil qaydada aradan qaldırmağa səsləyir. Qazaxıstan prezidenti Qasım - Comərd Tokayevin, böyük əksəriyyəti rus silahlılarından ibarət olan  KTMT dövlətlərinin silahlı qüvvələrinin ölkəsinə gəlişini əsaslandırmaq üçün, öz xalqını “quldur” və “terrorçu” adlandırmasını qətiyyətlə pisləyir.
 
Azərbaycan Türk Ocağı bildirir ki, KTMT dövlətlərinə mənsub silahlı qüvvələrin Qazaxıstan ərazisinə soxulması  BMT nizamnaməsinin 51-ci maddəsinə zidd olduğu üçün qeyri-qanunidir. Ölkə daxili etirazlar Qazaxıstanın daxili güc strukturları tərəfindən tənzimlənməlidir. 
Təşkilat “Türk Dövlətləri Təşkilatı”nı Qazaxıstanda baş verən insan hüquqlarının pozulmasına, Rusiya silahlı qüvvələrinin qeyri-qanuni ölkəyə daxil olmasına adekvat reaksiya verməyə çağırır.