- “Səbinə Əliyeva layiqli namizəddir. Ona müraciət etmişik, hər dəfə operativ reaksiya verilib”
“Səbinə Əliyeva layiqli namizəddir. İndiyədək o, öz vəzifəsini qüsursuz yerinə yetirib. Biz hüquq müdafiəçiləri onun fəaliyyətindən çox razıyıq və yenidən ombudsman seçilməsini istəyirik”.
Bu sözləri Sherg.az-a açıqlamasında D.Əliyeva adıma Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu dedi. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - ombudsman vəzifəsinə hazırkı ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında məsələ müzakirə olunub və namizədlər təqdim edilib. Qanunvericiliyə əsasən, ombudsman vəzifəsi 7 il müddətinə seçilir və Səbinə Əliyeva bu vəzifəyə ilk dəfə 29 noyabr 2019-cu ildə seçilib. Səbinə Əliyeva bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yenidən Ombudsman vəzifəsinə namizədliyinin müzakirəsi zamanı geniş çıxış edib, fəaliyyəti barədə danışıb.
N.Cəfəroğlu Sherg.az-a bildirdi ki, Səbinə Əliyeva Vətənini, xalqını, dövlətini sevən bir şəxsdir, ombudsman kimi də mükəmməl fəaliyyət göstərib:
- Biz hüquq müdafiəçiləri nə zaman ona müraciət etmişiksə, həmişə diqqətlə və ciddi yanaşıb, Ombudsman Aparatının bütün komandası fəaliyətə keçib, müraciəti araşdırıb, gərəkən işləri görüblər. Dəfələrlə müəyyən məsələlərlə bağlı Ombudsmana məktubla müracət etmişik, yenə də operativ şəkildə reaksiya verilib, məsələ araşdırılıb və həllini tapıb. Səbinə xanım təkcə ölkə daxilində, Penitensiar sistemlə bağlı ciddi fəaliyyət göstərməyib, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq baxımından, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da ciddi işlər görüb. İndiyədək çoxsaylı bəyanatlar, müraciətlər edilib beynəlxalq təşkilatlara, həm Qarabağ problemi ilə bağlı, qaçqın və köçkünlərimiz, 44 günlük Vətən müharibəsindən sonra mina təhlükəsi, separatçıların torpaqlarımızda törətdiyi vandallıqlar barədə bəyanatlar beynəlxalq qurumlara çatdırılıb. Hesab edirəm ki, bütün bu illər ərzindəki fəaliyyətə baxdıqda, Səbinə xanımın yenidən ombudsman seçilməsi zəruridir. Bu xanım işini bilir və vəzifəsini davam etdirməlidir.