Azərbaycan yaxşı addım atıb, Rusiyanın cavabını verdi - Elmar Məmmədyarov

  • "Mənim dövrümdə də Azərbaycan heç vaxt üçüncü ölkələrin Azərbaycanın ikitərəfli münasibətlərinə qoşulmasına və ya müdaxilə etməsinə imkan verməyib"

Rusiya ilə Azərbaycan arasında son günlər informasiya və diplomatik müstəvidə qarşılıqlı mesajların artdığı bir vaxtda Moskvanın son açıqlaması diqqət çəkir. Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir qrup rusiyalı jurnalist və media nümayəndəsinin Azərbaycan dövlətinin konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çağırışlarda, eləcə də terrorçuluğa açıq çağırışlarda ittiham olunaraq beynəlxalq axtarışa verilməsindən sonra Rusiya tərəfi məsələyə münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması Moskvanın bu məsələni Azərbaycan-Rusiya münasibətlərinin ümumi çərçivəsindən ayırmağa çalışdığını göstərir. Zaxarova həmin şəxslərin səsləndirdiyi fikirlərin Rusiyanın Azərbaycana münasibətini əks etdirmədiyini vurğulayıb və iki ölkə arasındakı əlaqələrin mövcud ikitərəfli hüquqi baza əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Xüsusilə 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiq Əməkdaşlığı haqqında Bəyannaməyə istinad edilməsi Moskvanın münasibətlərin strateji və hüquqi əsaslarının qorunmasına diqqət yetirdiyini göstərir. Bununla yanaşı, məsələnin digər tərəfi də Bakının reaksiyasıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin Rusiya səfirini çağıraraq Rusiya mediasında Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı səsləndirilən təxribatçı fikirlərlə bağlı sərt etiraz bildirməsi Mariya Zaxarovanın açıqlaması hazırkı gərginliyin Rusiya-Azərbaycan münasibətlərinin bütövlükdə pisləşməsi səviyyəsinə keçməsinin qarşısının alınmasına yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu baxımdan, növbəti mərhələdə əsas məsələ tərəflərin ayrı-ayrı şəxslərin açıqlamalarının ikitərəfli münasibətlərə təsirini nə dərəcədə məhdudlaşdıra bilməsi olacaq.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a bildirib ki, bu tip açıqlamalar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə bir zərbə ola bilər:

“Lakin artıq Rusiya tərəfi bu məsələnin həll olunduğunu göstərib və həmin şəxslərdən biri istefa verdi. Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da açıqlama verərək məsələyə aydınlıq gətirdi. Azərbaycan da, necə deyərlər, yaxşı bir addım atıb. Birinci gündən həm cavabını verib, həm də Rusiyanın səfirini dəvət edərək bu məsələyə çox ciddi yanaşıb. Yaxşı haldır ki, Rusiya hökuməti də bu məsələ ilə məşğul oldu və nəticələri açıqladı”.

Sabiq nazir sözügedən çıxışın Rusiyanın Azərbaycana üstüörtülü mesajlar olması ehtimalını da dəyərləndirib:

“Azərbaycanla Ukrayna arasında münasibətlər intensivləşib. Bu isə Ruiyaya elə də xoş gəlmir. Ümumiyyətlə, mənim dövrümdə də Azərbaycanda heç vaxt imkan verilməyib ki, üçüncü ölkə Azərbaycanın hansısa ikitərəfli münasibətlərinə qoşulsun və ya onları müzakirə etsin. Məsələn, İranda da xoşagəlməz bəyanatlar verilirdi. Azərbaycanın İsraillə əlaqələri və digər məsələlərlə bağlı müəyyən fikirlər səsləndirilirdi. Amma Azərbaycan heç vaxt üçüncü ölkələrin Azərbaycanın ikitərəfli münasibətlərinə qoşulmasına və ya müdaxilə etməsinə imkan verməyib. Çünki Azərbaycan müstəqil xarici siyasət aparır. Eyni şəkildə, Rusiya ilə bağlı da danışa bilərik. Müəyyən şəxslər Rusiyanın adından müxtəlif fikirlər səsləndirir, müəyyən sözlər ortaya atılır və s. Bir sual ortaya çıxır: bunlar qəsdən edilir, yoxsa həmin şəxslərin şəxsi fikirləridir? Ona görə də bu istiqamətdə Azərbaycan və Rusiya tərəfindən araşdırmalar davam etdirilməlidir. Ümumiyyətlə, bu cür xoşagəlməz bəyanatların qarşısı alınmalıdır”.