“Azəriqaz”dan narazılıqlar artır!- Balansın artırılması zamanı...

Müasir dünyada təbii qaz istifadəsi insanlar üçün çox vacib amildir. Ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Azərbaycanda təbii qazdan istifadə edən istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etmək “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsidir. Son vaxtlar əhali arasında təbii qazla bağlı narazılıqlar yaranıb. Xüsusilə balansın artırılması zamanı yaranan problemlər narahatlığa səbəb olur. Limiti keçməyən istehlakçılar qeyd edirlər ki, hər 20 manat yüklədikdə 4 manat, 10 manata isə təxminən 2 manat pul silinir. 

Cəmiyyətdə yaranan narazılıqlarla bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, şikayətlər əsasən mexaniki sayğaclarla bağlı olur:

“Təbii qazdan istifadə üçün istehlakçılara müxtəlif  tariflər təklif olunur. Tariflərdə müəyyən limitlər var. Əhalinin narazılığının səbəbi də buradan qaynaqlanır. Vətəndaşların yüklədiyi balansın müəyyən hissəsi yalnızca limiti keçdikləri üçün yaranan borclarına tutula bilər.

Qeyd edim ki, sayğaclarla bağlı da narazılıqlar var. Ümumiyyətlə, “Smart” sayğaclarda problemlərin olmağı normal deyil. Çünki mexaniki olanları əvəz etdikləri üçün daha təkmilləşmiş olmalıdır. Problemlərlə qarşılaşan insanlar mütləq müvafiq orqanlara müraciət etsinlər. 

“Azəriqaz” da qısa müddət ərzində tədbir görərək problemin aradan qaldırılmasını təmin etməlidir. Ən əsas məsələlərdən biri də budur ki, xalqın narazılığının yaranmaması üçün əvvəlcədən məlumatlandırmaq lazımdır. “Azəriqaz” hər bir vəziyyətə hazırlıqlı olmalı və dərhal tədbirlər həyata keçirməlidir.

Önəmli nüansı da qeyd etmək istəyirəm. Son vaxtlar bir neçə dəfə sayğac dəyişmə prosesi baş verib. Bu, heç yaxşı hal deyil. Sayğaclar dövlət büdcəsi əsasında quraşdırılır, xəzinəyə qənaət etmək baxımından “Smart” sayğacların tez- tez dəyişdirilməsi mənfi haldır. Problemləri birdəfəlik həll edib sonra quraşdırsalar, yaxşı olar”.

 Xanlar ƏLİBƏY