Xüsusi karantin rejiminin yumşaldılması, polis nəzarət postlarının sayının azaldılması əhalidə xoş əhval-ruhiyyə yaradır. Sanki koronavirus bəlası yox olub gedib. Amma, məhz sanki! Çünki virus təhlükəsi sovuşmayıb, əksinə hamılıqla qaydalara riayət etməsək, yoluxma hallarının daha da artacağı labüddür.
Bunu dövlət qurumları, səhiyyə işçiləri israrla bildirir. Paytaxtda isə bəzi vətəndaşların məsuliyyətsizliyinin şahidi oluruq. Qaydalar ən çox da sosial məsafəyə riayətdə pozulur. Xüsusilə də bankların önündə. Bu vəziyyət kənardan da çox aydın görünür.
Vəziyyətlə bağlı ictimai xadim Azər Allahverənov sosial şəbəkədə status paylaşıb. A.Allahverənov bankların önündə uzun və sıx növbələr yaranmasın deyə elektron növbə sistemini təklif edir:
- Bu gün bəzi banklar qarşısında müşahidə edilən insan izdihamı göstərir ki, növbə gözləyən insanlar koronavirus şəraitundə karantin qaydalarına əməl etmirlər. Bu şəxslər böyük əksəriyyəti nə qoruyucu maskalardan istifadə edir, nə də sosial məsafə saxlayır. Təbii ki, belə bir vəziyyətin yaranması həmin məkanlarda toplaşan insanları birbaşa təhlükə altına alır. Bəlli məsələdir ki, insanlar növbə gözləyərkən birmənalı şəkildə mövcud karantin qaydalarına əməl etmirlər. Maskalarla bağlı məsələdə bunun günahkarı vətəndaşlar olsa da, sosial məsafənin qorunub saxlanılmamasının müəyyən obyektiv səbəblər var. Belə ki, insanlar bir qayda olaraq bildirirlər ki, sosial məsafə saxlayan zaman növbəyə digər şəxslərin daxil olması bar verir ki, bu da banklar qarşısında mübahisələrin yaşanmasına səbəb olur. Bu baxımdan ən optimal variant elektron növbə sisteminin tətbiq edilməsidir ki, banklar bunun üzərində çox asanlıqla gələ bilər. Məsələn, ASAN Xidmətdən tətbiq edilən elektron növbə sistemi həm də banklar tərəfindən tətbiq oluna bilər. Onsuzda bu gün elektron bankçılıq sahəsi sürətlə inkişaf edir. Bu baxımdan istifadəyə verilən elektron tətbiqlərdə əlavə funksiyaların işə salınması elə də çətin deyil. Sadəcə bununla bağlı bir-iki presedent olmalıdır ki, bütün banklar bu sistemə keçsinlər.
A.Allahverənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, yoluxma hallarının çoxalmasının qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirləri qaneedici hesab etmək olar. Əsas məsələ vətəndaşların davranışıdır:
- Yenə də müşahidələr göstərir ki, avtobusda gedən sərnişinlərin əksəriyyəti nə maskadan istifadə edir, nə də sosial məsafə saxlayır. Hüquq-mühafizə orqanlarının avtobus içində keçirdikləri reydlər zamanı insanlar taxmalı olduqları maskaları ya çantalarından, ya da ciblərindən çıxardırlar ki, bu, daha təhlükəlidir. Yəni bir dəfə istifadə edilən maska dərhal atılmalı, yenisi ilə əvəz olunmalıdır. Amma bu vəziyyətdə biz təhlükənin müəyyən mənada yayılması üçün əlverişli şəraitin yaradıldığının şahidi oluruq. Bunlar yolverilməzdir. Hesab edirəm pandemiyanın yayılmasının qarşısının alınması üçün effektiv üsul mümkün texnoloji imkanlardan istifadə etməklə ictimaiyyətin bütün təbəqələri arasında geniş maarifləndirmə işinin aparılmasıdır.
A.Allahverənov bildirdi ki, karantin qaydalarına əməl etmək prinsipi bütün sahələrdə tətbiq edilməlidir. Geyim mağazalarında, başqa mallar satılan marketlərdə, həmçinin gözəllik salonlarında və bərbərxanalarda, banklar da daxil olmaqla insanların toplaşdığı yerlərdə bu qaydalara xüsusilə əməl olunmalıdır:
- Bu, həm yerlərdə çalışan personalın və oradakı xidmətlərdən istifadə edən istehlakçıların üzərində düşən öhdəlikdir. Bununla yanaşı həmin məkanlarda karantin qaydalarına əməl etmək üçün zəruri şərait olmalı, lazımlı dezinfeksiya məhlullarının istifadəsi əlçatan olmalıdır. Bundan başqa həmin məkanlara daxil olan insan axını üzərində də müəyyən nəzarət tətbiq edilməlidir. Məsələn, pandemiyanın ilk günlərində bəzi ticarət mərkəzlərində əlində insan istiliyini yoxlayan cihaz tutan ticarət mərkəzinin əməkdaşına rast gəlmək olardı. Amma bu gün onları görmək olmur. Hesab edirəm, istənilən məkan üçün karantin qaydalarına əməl etmə bu gün aktual olaraq qalmaqdadır.
Məlahət Rzayeva