BMT müzakirəsi Paşinyanın xeyrinə oldu - Şərh 

Fikrət Sadıqov: "O, bu addımı ona görə atır ki, radikallar, hər fürsətdə onu tənqid edənlər yeni reallıqları və dünyanın prosesə yanaşmasını görsünlər

“BMT Təhlükəsizlik Şurasının son iclasında hamı Qarabağın Azərbaycanın bir hissəsi olduğunu təsdiqlədi”. Bunu erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib. Şahnazaryanın sözlərinə görə, BMT şurasının son iclası İrəvanın iddia etdiyi kimi Ermənistanın yox, Azərbaycanın xeyrinə olub: “Paşinyan erməniləri inandırmağa çalışır ki, müqavimət mənasızdır, bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. O, bu dəfə BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı və hamının Qarabağı Azərbaycan ərazisi elan etməsinə nail oldu”, - ekspert bildirib: “Az qala inanmaq istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının sessiyası İrəvanın yox, Bakının tələbi ilə keçirilib”. Şahnazaryanın “unutduğu” bir şey var ki, BMT də, onun Təhlükəsizlik Şurası da Qarabağı Azərbaycan ərazisi kimi çoxdan tanıyır. Vaxtilə Ermənistan Azərbaycanın bu ərazilərini işğal edərkən ona qarşı 4 qətnamə qəbul edən də BMT Təhlükəsizlik Şurası idi. Lakin görünən odur ki, bir çox erməni eksperti beynəlxalq müstəvidə düçar olduqları uğursuzluqlara görə, birbaşa Nikol Paşinyanı günahlandırırlar. Hesab edirlər ki, İrəvan hökumətinin başçısı Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına görə, bu məsələdə beynəlxalq dəstək almaq mümkünsüz olacaq.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov "Sherg.az"a açıqlamasında bildirib ki, əslində Nikol Paşinyanı BMT-nin TŞ-dəki məlum müzakirə və nəticə çox qane edir. Analitikin sözlərinə görə, Paşinyan yaxşı bilirdi ki, İrəvanın Qarabağ erməniləri və Laçın yolu ilə bağlı təklifləri keçməyəcək:

 "Ermənistan Baş naziri bu addımı ona görə atdı ki, erməni ictimaiyyəti, radikallar, hər fürsətdə onu tənqid edənlər yeni reallıqları və dünyanın prosesə yanaşmasını görsünlər. Qəbul etsinlər ki, BMT və digər nüfuzlu qurumlar onlara kömək edə bilmir, yaxud etmir. Həm də göstərməyə çalışır ki, onun bu istiqamətdə "fəaliyyəti" beynəlxalq vasitəçilər və rəsmi Bakı tərəfindən xoş qarşılanmadığı halda əlindən gələni edir, mübarizə aparır. Yəni Paşinyan özünə qarşı olan qüvvələri mümkün qədər neytrallaşdırmağa çalışır. Buna rəğmən, Baş nazir ciddi tənqid hədəfi olmaqdan xilas ola bilmir. Amma reallıq odur ki, Paşinyanın nə deməsindən, qəbul edib-etməməsindən asılı olmayaraq, dünya ictimaiyyəti, həqiqətən də, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Rəsmi Bakı da dünyaya sübut edib ki, Qarabağda hansısa "blokada"dan, "fəlakət"dən söhbət gedə bilməz. Qarabağda acından ölən erməni yoxdur. Hamısı erməni uydurmalarıdır və ona görə də puça çıxdı. Ermənistan Azərbaycandan növbəti ağır zərbəsini aldı".