Bu inkişafın adı Zəfərdir
Azərbaycan Prezidenti İlham Əliyev xalqı ilə birlikdə böyük uğurlara imza atıb
Son 4 ildə Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi də kəskin şəkildə güclənib
11 apreldə xalqın böyük etimadı ilə Cənab İlham Əliyevin Prezident seçilməsinin dördüncü ili tamam olur. Yola saldığımız son 4 il ölkəmizin və xalqımızın həyatında unudulmaz hadisələrlə zəngin olub. Dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı və regionun lider dövlətinə çevrilməsi istiqamətində həqiqətən də olduqca uğurlu və effektiv siyasət yürüdüb. Bu illər ərzində aparılan quruculuq işləri və əldə edilən uğurlu nəticələr Azərbaycanı dünyada daha çox tanıdıb. Prezident andiçmə mərasimində Azərbaycanın geniş islahatlar dönəminə qədəm qoyduğunun anonsunu vermişdi. Son dörd il islahatlar dövrü kimi yadda qaldı və islahatlar hakimiyyətin bütün qollarını əhatə etdi.
Geniş struktur islahatları həyata keçirilməklə dövlət strukturunda çalışanların tərkibi gəncləşdirildi. Ölkəmizdə korrupsiyaya qarşı tədbirlər dərinləşdi və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində daha ciddi addımlar atıldı. Təbii ki, görülmüş işlərin əhatə dairəsinin genişlənməsi və əldə etdiyimiz iqtisadi uğurlar dünyanı sınağa çəkmiş qlobal pandemiyaya qarşı uğurla mübarizə aparmağımıza yol açdı. Cənab Prezidentin rəhbərlik etdiyi son dörd ildə Azərbaycana dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edilməsinə etimad göstərildi.
Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının işinə yeni impuls verdi. Dünyanı narahat edən məsələlərin həll edilməsinə verdiyi töhfələri ilə yeni bir imic formalaşdırdı. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində Qlobal Pandemiyaya qarşı mübarizədə həmrəyliyin göstərilməsi və vaksin millətçiliyinə yol verilməməsi ilə əlaqədar BMT-yə Xüsusi Sessiyasının keçirilməsi ilə bağlı müraciət etdi. Məhz müraciətimiz sayəsində BMT-nin xüsusi sessiyası keçirildi və dünya üçün mühüm qərarlar qəbul olundu. Prezidentin rəhbərliyi altında Azərbaycan iqtisadi müstəqilliyinə qovuşdu və bu da siyasi müstəqilliyimizin təminatçısı oldu. Azərbaycanın artan iqtisadi gücü, ölkədəki milli həmrəylik, beynəlxalq arenadakı ədalətli mövqeyi və qazandığı nüfuzu 30 il erməni işğalı altında qalmış torpaqlarımızın işğaldan azad etməyimizə yol açdı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi döyüş taktikası dünya hərb sahəsi üçün bir yenilik oldu. Müharibə dövründə və postmüharibə dönəmində Prezident İlham Əliyevin xarici və daxili media nümayəndələrinə verdiyi çox məntiqli və tarixi faktlara əsaslanmış müsahibələri informasiya müharibəsində də Azərbaycanı qalib ölkəyə çevirdi.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov bəyan edib ki, ötən 4 il də Azərbaycan tarixinə xüsusi dövr kimi daxil olub. Deputatın sözlərinə görə, 2018-ci ildən başlayaraq Azərbaycanda yeni sosial paketlərin tətbiqinə başlanılıb:
“Ötən müddətdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırıldı. Bu il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu 43 faiz üstələyəcək. Xalis minimum əmək haqqının orta aylıq əmək haqqındakı payında da ötən müddətdə artımlar qeydə alındı. Həmin nisbət 2018-ci ildəki 26 faizdən 2022-ci ildə 40 faiz səviyyəsinə yüksələcək. Bu müddətdə minimum pensiya məbləği 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatıb. Təbii ki, bu islahatlar əvvəlki illərdə həyata keçirilən iqtisadi siyasətin nəticəsində mümkün oldu. Son 4 ildə Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi də kəskin şəkildə güclənib. Çoxsahəli xarici siyasət 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin daha da möhkəmlənməsinə gətirib çıxardı. Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yeni düzən və reallıq kontekstində bu, daha da aydın müşahidə olunmaqdadır. Brüsseldə keçirilən son görüş və əldə olunan razılaşmalar bunu bir daha təsdiq etdi. Azərbaycan hər zaman Avropa İttifaqı daxil olmaqla beynəlxaq təşkilatlar ilə əməkdaşlığın güclənməsinə önəm verir. Etiraf etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür”.
Parlament üzvü qeyd edib ki, 2022-2026-cı illər əhatə edəcək yeni iqtisadi strategiya bu sahədə islahatların dərinləşməsinə xidmət edəcək:
“Əsas milli prioritetlər üzrə Azərbaycan iqtisadiyyatında diversifikasiyanın genişlənəcəyi gözlənilir. “Böyük Qayıdış” proqramı dayanıqlı iqtisadi nəticələri daha da möhkəmləndirəcək. Həm dünyada, həm də regionda yeni düzən formalaşır. Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq”.