Ərdoğan "6-lar"a dərs verə bilər

Natiq Miri: "Cümhur İttifaqı"nın həyata keçirdiyi siyasət Türkiyəni güclü, nüfuzlu, söz sahibi bir ölkəyə çevirib"
"Ərdoğan hökumətinin 2023-cü ildə türk xalqına siyasi-iqtisadi və hərbi müstəvidə ciddi sürprizləri olacaq"
Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək prezident və parlament seçkiləri çox əhəmiyyətlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 müxalifət partiyasının yaratdığı ittifaqa münasibət bildirərkən deyib. Ərdoğan bildirib ki, küçədə bir-birini görsə salam verməyəcək altı nəfər şəxs bir masa ətrafında toplaşıb: “Bunun bənzəri Macarıstanda da olmuşdu. Onların təlimatları haradan aldıqları məlumdur. Ortada razılaşdırdıqları bir proqram yoxdur, prezidentliyə namizədləri də həmçinin. Proqram deyə ortaya çıxardıqları mətn xaricdə hazırlanıb onlara verilib”. 
Ərdoğan 2023-cü ilin seçkilərində altı müxalifət partiyasına dərs verəcəklərini vəd edib: “Bunun üçün çalışmalıyıq”. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Türkiyənin 6 müxalifət partiyasının lideri prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi üçün bir araya gəlib. Mediaya qapalı keçirilən iclasda 2023-cü ildə keçiriləcək ümumi seçkilərin yol xəritəsi müəyyənləşib. İclasda seçki prosesində müttəfiqlik imkanları, prezidentliyə namizədin müəyyənləşdirilməsi üsulları da müzakirə olunub. 
Gələn il qardaş ölkədə keçiriləcək seçkiləri “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, 2023-cü il seçkiləri təkcə hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün deyil, bütövlükdə türk milləti üçün imtahandır. Ekspert bildirib ki, Türkiyə Cümhuriyyəti qurulduğu dövrdən bu yana indiki qədər müstəqil və güclü olmayıb:
 “Türkiyə hökumətləri uzun müddət hegemon güclərin geosiyasi maraqlarının sərhədlərinə qədər müstəqil ola biliblər. Nə zaman ki, müstəqillik sərhədləri aşılıb, dərhal müəyyən gücləri dövriyyəyə buraxıblar. On ildən bir hərbi çevriliş olub. Qaranlıq dövr Ərdoğanın hakimiyyətə gəlişi ilə bitib. AKP və Milliyətçi Hərəkat Partiyasının (MHP) birgə təşkil etdiyi “Cümhur İttifaqı”nın həyata keçirdiyi siyasət Türkiyəni güclü, nüfuzlu, söz sahibi bir ölkəyə çevirib. Türkiyə dünya gücüdür və bu, təkzibolunmaz faktdır. Türkiyə hərbi təchizatının 80 faizini daxili imkanlar çərçivəsində həll edir. Heç kimdən asılı olmayan türk dövlət modeli yaradılıb. Qardaş ölkənin son texnologiya sayəsində istehsal etdiyi silah-sursat dünyanın müxtəlif yerlərində baş vermiş münaqişələrdə qalibiyyətin taleyini həll edir. Türkiyə xalqı reallıqların fərqindədir. Şübhəsiz, seçki günü xalq öz sözünü deyəcək və qaranlığa deyil, aydınlığa səs verəcək”. 
N.Mirinin qənaətincə, Türkiyə seçicisi bir araya gəlmiş 6 müxalifət partiyasını və onların rəhbərlərini çox yaxşı tanıyır: 
“Əgər tərəzinin bir gözündə Türkiyəni qlobal gücə çevirən AKP və Ərdoğandırsa, digər tərəfdə hegemon dairələrin siyasi alətinə çevrilmiş, sözü və əməli bir-birinə uyğun gəlməyən və təlimatlarla hərəkət edən siyasi qüvvələrdir. Türk xalqı PKK terrorçuları ilə ittifaq halında olan siyasi kəsimə heç vaxt bel bağlamaz. Dünya qlobal iqtisadi böhran yaşayır, hər yerdə inflyasiya artıb, ərzaq məhsullarının qiyməti bahalaşmaqdadır. Əlbəttə, qlobal iqtisadi çətinliklər Türkiyədən də yan keçə bilməz. Lakin heç kimin şübhəsi olmasın ki, Ərdoğan hökumətinin 2023-cü ildə türk xalqına siyasi-iqtisadi və hərbi müstəvidə ciddi sürprizləri olacaq. Yaxın 10 il Türkiyənin qlobal güc olması üçün çox mühüm və həlledici zamandır”.