Erməni təxribatı:“Torpaqlarımızdakı terrorçular zərərsizləşdiriləcək”

“Biz faktiki olaraq mübarizəni hər 3 qüvvə ilə aparmaq məcburiyyətində qalırıq”

“Lakin müharibədə məğlub etdiyimiz Ermənistan ordusu, öhdəliyi götürən isə Baş nazir Nikol Paşinyandır”

“Baş verənlərdə rus sülhməramlılarının üzərinə böyük bir yük və məsuliyyət düşür”


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Dünən saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib. Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır.

Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

Hadisə barədə “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri arasında böyük irəliləyiş və razılıq var:

“Proseslər sülh müqaviləsinin imzalanmasına doğru gedir. Amma Ermənistan hakimiyyətində böyük iğtişaşların olduğu da bəllidir. Məsələn, ordu ilə siyasi hakimiyyət, həmçinin revanşist qüvvələrlə hakimiyyət arasında mübarizə gedir. Biz faktiki olaraq mübarizəni hər 3 qüvvə ilə aparmaq məcburiyyətində qalırıq. Lakin müharibədə məğlub etdiyimiz Ermənistan ordusu, öhdəliyi götürən isə Baş nazir Nikol Paşinyandır. Azərbaycan Prezidentinin Paşinyanla görüşünə dair ehtimallar səsləndirilir. Dini və icma rəhbərləri, həmçinin xarici işlər nazirləri görüşür. Bütün müsbət mesajlar verildiyi bir atmosferdə isə Azərbaycan əsgəri şəhid olur”.

Ə.Əlibəyli qeyd edib ki, baş verənlərdə rus sülhməramlılarının üzərinə böyük bir yük və məsuliyyət düşür:

“Dövlətimizin haqqı var ki, 10 noyabr razılaşmasının 4-cü maddəsinə uyğun olaraq ərazilərimizdəki erməniləri zərərsizləşdirsin. Proses də məhz bu cür olacaq, ancaq zamanı var. Ölkə başçısının mövqeyi dəfələrlə qeyd olunub və bizim “qırmızı xəttimiz” ərazi bütövlüyümüzün təsbit olunması və Ermənistanın da bunu qəbul etməsidir. Rəsmi İrəvan onsuz da üçtərəfli razılaşmada bu öhdəliyi üzərinə götürüb. Amma önəmli bir nüns yaşandı. Ermənistan Baş naziri açıqlama verdi ki, Azərbaycana Zəngəzur dəhlizindən keçərək Naxçıvana getmək üçün avtomobil və dəmir yolu veriləcək. Hesab edirəm ki, bu açıqlama çox ciddi irəliləyişin əldə edildiyini deməyə əsas verir. Azərbaycan və Ermənistan tərəfi bu təxribata uymamalıdır. Əsgərimiz öz torpaqlarımızda şəhid olursa, bunun qarşılığı mütləq olmalıdır. Baş verən hadisənin Ermənistanın yürütdüyü siyasətə heç bir dəxli yoxdur. Orada yaşayanlar terrorçudur və Azərbaycan həmin şəxsləri terrorçu kimi də zərərsizləşdirəcək”.