Ermənistan hökuməti artıq tənəzzül yaşayır
Paşinyanla Mirzoyanın fərqli açıqlamaları siyasi oyun da ola bilər
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Azərbaycana yönəlik əsassız, həqiqətdən uzaq ittihamlar səsləndirib. XİN rəhbəri öz sərsəm çıxışında Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı guya mülki şəxsləri hədəf aldığını, qətlə yetirdiyini deyib. Bununla kifayətlənməyən erməni nazir absurd suçlamalarını davam etdirərək hətta azyaşlı uşaqların, qadınların öldürüldüyünü iddia edib. Mirzoyan kütləvi cinayətlərə dair "faktlar" olduğunu, Azərbaycanın "etnik təmizləmə" aparmaq istədiyini vurğulayıb. Marazm o həddə çatıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağdakı ermənilər arasında itkilər yoxdur və bu barədə deyilənlər yalandır" dediyi halda onun təyin etdiyi Xarici işlər naziri A.Mirzoyan bunun tam əksini "sübut etməyə" çalışıb. Qadağan olunmuş silahlarla Qarabağdakı sivil ermənilərə atəş açıldığını iddia edib. Lakin həqiqətlərin onun uydurmalarını alt-üst edəcəyini yaxşı bilən Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəlil və faktlarla dolu çıxışı zamanı iclas zalını tərk edib. Əlbəttə, Azərbaycan Ordusunun antiterror tədbirlərində mülki şəxslərə, mülki obyektlərə ziyan vurmadığı, sadəcə hərbi nöqtələri hədəf alaraq dəqiqliklə məhv etdiyi hamıya məlumdur.
Ümumiyyətlə, ermənilərdən fərqli olaraq azərbaycanlılar münaqişənin heç bir dövründə azyaşlı uşaqlara, qadın və qocalara qarşı hərbi güc tətbiq etməyiblər. Ancaq torpaqlarımızın işğalı zamanı mülki insanlarımızın başına gətirilən dəhşətli işgəncələr, dözülməz təhqirlər, Xocalı soyqırımı və digər qətliamlar reallıqda uşaq qatillərinin, barbar toplumun kimlər olduğunu sübut etməkdədir. Məsələnin digər tərəfi isə odur ki, bir ölkənin hökumətində təmsil olunan şəxslərin fikirləri bir-birinə ziddiyyət təşkil edir. Yəni baş nazir bir cür açıqlama verir, xarici işlər naziri ilə tamam ayrı formada danışır. Bu, bir daha Ermənistan hökumətinin hansı vəziyyətdə olmasından xəbər verir.
Millət vəkili Arzu Nağıyev "Sherg.az"a açıqlamasında bildirib ki, baş verənlər göstərir ki, Ermənistan hakimiyyətinin daxilində ciddi problemlər mövcuddur. Deputatın sözlərinə görə, hökumətin rəhbəri ilə nümayəndəsi arasında ziddiyyətli mövqenin ortaya çıxması daxildəki problemin nə qədər dərin olmasından xəbər verir:
"Ermənistan hakimiyyətində siyasi baxışlar ziddiyyətlidir. İstər orduda, istərsə də xarici siyasətdə, diplomatik müstəvidə kəskin fikir ayrılıqları mövcuddur. Əgər XİN rəhbərinin çıxışı ilə baş nazirin bəyanatı bir-birini təkzib edirsə, bu, artıq Ermənistan hökumətinin tənəzzülü deməkdir. Bununla paralel olaraq bilirsiz ki, İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir və baş nazirin istefası tələb olunur. Nikol Paşinyan isə istefaya getməyəcəyini söyləyir. Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. Eyni zamanda Qarabağdakı antiterror tədbirlərinin Ermənistana dəxli olmadığını vurğulayıb. Buna rəğmən, hökumət təmsilçiləri başqa fikirlər səsləndirirlər. Bu da qeyri-müəyyən fəaliyyət sərgiləyən İrəvan hakimiyyətində problemlərin həddindən artıq çox olduğuna dəlalət edir. Cərəyan edən proseslər hakimiyyətin istefasına, yaxud bir neçə vəzifəli şəxslərin uzaqlaşdırılmasına səbəb ola bilər. Əlbəttə, baş verənlərin siyasi oyunun parçası olması da mümkündür. Məsələn, baş nazir və XİN rəhbəri fərqli auditoriyalar üçün fərqli bəyanatlarla çıxış edirlər. Biri xaricdə, beynəlxalq tribunada ağlaşma qurur, daxili auditoriyaya yönəlik açıqlamalar verir, digəri isə sülh görüntüsü yaratmağa çalışır. Yəni Ermənistandan hər cür davranışı və siyasəti gözləmək mümkündür".