Ermənistanda TRIPP layihəsi ilə bağlı bir sıra mühüm sualların hələ də cavabsız qaldığı bildirilir.
Sherg.az xəbər verir ki, bu barədə “Alternativ layihələr” qrupunun üzvü, politoloq Vahe Ovanesyan Sputnik Ermənistan-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanda layihə ilə bağlı müzakirələr əsasən iki mövqeyə bölünüb: bir tərəf TRIPP-i xəyanət, digər tərəf isə vətənpərvərlik kimi qiymətləndirir. Politoloq hesab edir ki, layihənin iqtisadi və geosiyasi nəticələri barədə əsaslandırılmış müzakirələr kifayət qədər aparılmayıb.
Ovanesyanın fikrincə, hazırda elə təəssürat yaranır ki, TRIPP üzrə danışıqları yalnız ABŞ və Azərbaycan aparır, Ermənistan isə öz ərazisindən istifadə olunmasına razılıq verməklə kifayətlənir.
Politoloq, həmçinin layihənin gələcək taleyinə ABŞ-da keçiriləcək seçkilərin təsir edə biləcəyini istisna etməyib. O, Ermənistanın Naxçıvan ərazisi vasitəsilə İranla maneəsiz dəmir yolu əlaqəsinin təmin olunması ilə bağlı məsələlərin də aydınlaşdırılmasına ehtiyac olduğunu vurğulayıb.