Ermənistanın havadarları münasibətlərin yaxınlaşmasını istəmirlər

Qarabağ erməniləri separatçılar tərəfindən əsir saxlanılır

Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan Azərbaycanın mərkəzi hakimiyyəti ilə birbaşa dialoqun yaranmasına çalışır. 

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Nəşrin iddiasına görə, Babayan qondarma rejimi Bakı ilə birbaşa dialoqa getməyə inandırmaqda davam edir. “Hraparak” Qarabağ ermənilərinin gələcək taleyinin necə olacağının və bu yöndə qaldırdıqları hay-küyün rusların vecinə olmadığını bildirir. Qəzet bu planın əslində Ermənistan Baş naziri Nikol Paşinyana aid olduğunu iddia edib: “Samvel Babayan birbaşa dialoqa nail olmaq üçün son vaxtlar hətta Nikol Paşinyanı da kəskin tənqid etməyə başlayıb ki, onun təkliflərini Ermənistan Baş naziri və komandasına aid etməsinlər. 

O, Paşinyanla yanaşı, rusları da tənqid etməyə başlayıb”. Müharibədən sonra ortaya çıxan ən mühüm reallıqlardan biri Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılması oldu. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda bu ilin əvvəlində Qarabağdakı ermənilərlə təmaslar aktuallaşdı. Hətta bununla bağlı müvafiq addımlar atıldı və Xocalıda ilk görüş reallaşdı. Məlum olduğu kimi Azərbaycan hər zaman bəyan edib ki, Qarabağda yaşayan ermənilər digər vətəndaşlarla eyni hüquqlara malikdirlər. Əlbəttə ki, bunun üçün ilk növbədə suverenliyimizi və qanunlarımızı qəbul etməlidirlər. Qarabağ erməniləri ilə növbəti görüş təklifi də Azərbaycanın sülhə bağlılığının növbəti sübutu idi. Təəssüf ki, son proseslərdən “ruhlanan” qondarma separatçı rejim görüşə əngəl törətdi. 

Millət vəkili Naqif Həmzəyev deyib ki, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan ermənilər məhz separatçılar tərəfindən əsir saxlanılır. Deputatın sözlərinə görə, Ermənistanın havadarları münasibətlərin yaxınlaşmasını istəmirlər. Vasitəçi olmadan Azərbaycan və erməni tərəfi arasında görüşlərin intensivləşməsinə qarşı çıxırlar: 

"Çünki bu dialoqlar həmin havadarların Cənubi Qafqazla bağlı planlarının puça çıxmasına və Azərbaycanın daxili işlərinə qarışmaq vasitələrinin əldən buraxılmasına səbəb olar. Bu baxımdan Azərbaycan prosesin nə dərəcədə çətin və ağır bir yolla getdiyini hər kəsə göstərir. Bu yolu seçməkdə hədəfimiz regionda uzunmüddətli və dayanıqlı sülhü əldə etməkdir. Ermənilərin və onların havadarlarının isə hədəfi təxribatlar törətməklə Azərbaycanı antiterror əməliyyatına təhrik etmək və bunu əllərində bayraq edərək dünyaya car çəkməkdir. Bununla göstərməyə çalışacaqlar ki, "azərbaycanlılarla birlikdə yaşaya bilmərik", "Qarabağda erməni əhalinin təhlükəsizliyini rəsmi Bakı təmin edə bilməz". Ancaq Azərbaycan tərəfi dəfələrlə Ermənistana və himayədarlarına bildirib ki, erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyini tam təmin etməyə, onlara digər etniklər kimi bərabər hüquqlar tanımağa hazırıq. Əfsuslar olsun ki, separatçılar Qarabağdakı ermənilərin reinteqrasiyasına, Bakı ilə dialoqa mane olurlar. Özlərinin qondarma "vəzifələri"ni davam etdirir və durmadan silahlanırlar". 

Parlament üzvü əlavə edib ki, istənilən halda problemin birdəfəlik həlli Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasındadır: 

"Gec-tez bu proses baş tutmalıdır. Ümid edirik, Ermənistan tərəfi nəhayət bunu dərk edəcək. Havadarlarının onlara zərbə vurduğunu anlayacaq və qanunsuz erməni silahlı dəstələrini bölgədən çıxaracaqlar".