- Daimi olması üçün gərək ticarət qaydaları dəyişdirilsin. Bu isə uzun prosedurdur
Avropa Parlamenti 583 “lehinə”, 49 “əleyhinə” və 39 “bitərəf” səslə Ermənistan mallarının ticarətinin müvəqqəti liberallaşdırılması tədbirlərinin (Autonomous Trade Measures) tətbiqinə dair qərarı təsdiqləyib. Teleqraf xəbər verir ki, təşəbbüsü Avropa Komissiyası tərəfindən irəli sürülüb. Məqsəd Ermənistan məhsullarının Avropa İttifaqı bazarına çıxışını genişləndirməkdir. Müvəqqəti ticarət tədbirlərinin Ermənistanla Aİ arasında iqtisadi əməkdaşlığı daha da yaxınlaşdıracağı gözlənilir.
İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirdi ki, məlum qərarın Ermənistanla Avropa Birliyi arasında ticarət əlaqələrinə hər hansı ciddi üstünlük qazandıracağı gözlənilən deyil: 
- Qərarın mahiyyəti ondan ibarətdir ki, müvəqqəti olaraq Ermənistan məhsullarının Avropa bazarına lisenziya və ya sertifikat almadan giriş icazəsi verir. Bu, müvəqətidir, daimi ola bilməz. Avropa Parlamentinin qərarı müvəqqəti xarakter daşıya bilər. Daimi olması üçün gərək ticarət qaydaları dəyişdirilsin. Bu isə uzun prosedurdur. 27 ökənin hamısı bu dəyişikliyi təsdiq etməlidir. Mən bunun olacağını düşünmürəm. Bu, sadəcə Ermənistana dəstək aksiyasıdır. Çünki Rusiya Ermənistan mallarına qadağa qoyub. İndi onu Avropa bazarına çıxarmaq üçün imkanlar və fürsətlər yaranır. Amma burada logistika problemi var. Ermənistan öz məhsullarını bazara çıxarmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırsın, sərhədlər açılsın. Logistika baha olmasın, ucuz olsun. Perspektibi aydın görünmür, amma hər halda Ermənistana müvəqqəti yardımdır. İqtisadi tərəfdaşlıq məsələsi deyil bu. Avriopa Birliyi 500 milyonluq bazardır. Ermənistan məhsulları bu bazarın heç 0, 001 də birini də təşkil etmir. Bu, iqtisadi əməkdaşlıq yox, sadəcə, siyasi dəstək aksiyasıdır.