""Əşşi, bas getsin, düzələr" prinsipi geniş yayılıb” - İqtisadçıdan sərt tənqid

  • “Tıxac problemini kosmetik tədbirlərlə həll etmək mümkün deyil”
  • “Bakıda hamının səlahiyyəti var, amma heç kim məsuliyyət daşımır”

“Bakıda tıxac probleminin fundamental həll edilməsi lazımdır, kosmetik tədbirlər heç nəyi dəyişməyəcək”. İqtisadçı Natiq Cəfərli paytaxtın tıxac probleminin həll yollarını göstərib. İqtisadçının fikrincə, ictimai nəqliyyat əlçatan olmalıdır, tez və konfortlu xidmət göstərməlidir, Bakının yükü azaldılmalı, yol infrastruktutu yaxşılaşdırılmalı, ümumiyyətlə, seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun: 

- Bu gün Bakı pərakəndə idarə edilir, hamının səlahiyyəti var, amma, heç kim məsuliyyət daşımaq istəmir. İndi də təklif edilir ki, Bakıda çevik iş saatları tədbiq edilsin. İlk baxışdan məntiqli görünsə də, işlək olması çətindir. Əvvəla, bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək olar, özəl sektora bunu əmr etmək mümkün və doğru deyil. Bəlkə iri, özəl banklarda, holdinqlərdə mümkün ola bilər, amma, kiçik dükan, kafe, restoranlarda əmrlə bunu etmək mümkün deyil. Gələk indi məsələnin doğura biləcəyi problemlərə. İşləyən valideynlər məktəblər saat 8-də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saat 07:00-də başlayacaq, ya da, 10:00-da, o zaman o nə etsin? Ölkədə “SchoolBus” sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər, və ya, heç də həmişə evə yaxın yerdə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?! Yəni, iş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazım gələcək və bu da tıxac və ictimai nəqliyyatdakı sıxlıq problemini aradan qaldıran amil olmayacaq. Xülasə, bizdə “məktəbbas” (avtobus) yoxdur, amma, “basabas” həmişə var, hətta, bir çox səlahiyyəti olan qurumlarda problemləri həll etmək əvəzinə, “əşşi, bas getsin, düzələr”, prinsipi də geniş yayılıb.