- “Qarabağ probleminin həlli tarixi saxtakarlıqların bitməsi demək deyil”
- “Keçmişimizi uydurmalara deyil, ilkin tarixi mənbələrə əsaslanaraq öyrənməliyik”
Son illərdə Ermənistan tərəfindən müxtəlif ideoloji platformalardan istifadə olunmaqla Azərbaycan tarixi sistemli şəkildə saxtalaşdırılır, milli-mənəvi dəyərlərimizə qarşı qərəzli və təhrif olunmuş məlumatlar yayılır. Erməni saxtakarlığına qarşı mübarizə aparmaq, tarixi həqiqətləri jurnalistlərlə müzakirə etmək məqsədilə Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub.
H.Həsənov çıxışında erməni tədqiqatçılarının heç bir elmi mənbəyə əsaslanmadan, yalnız fərziyyələrlə tarix yaratmağa çalışdıqlarını vurğulayıb. O qeyd edib ki, elmdə mənbə və tədqiqat anlayışları tamamilə fərqlidir:
“Mənbə qədim yazılara və hadisədən birbaşa xəbərdar olan etibarlı sənədlərə deyilir. Tədqiqat isə müasir araşdırmaçıların fikirləridir. Ermənilər iddialarını irəli sürərkən heç vaxt ilkin mənbələrə istinad etmir, yalnız müasir tədqiqatçıların fərziyyələrinə əsaslanırlar”.
Erməni elminin təcavüzkar ideologiyasının tarixi addımlarına diqqət çəkən Həsən Həsənov bildirib ki, 1984-cü ilə qədər Ermənistanın elmi nəşrlərində də Albaniya müstəqil dövlət, albanlar isə ayrıca xalq kimi qəbul olunurdu.
"1984-cü ildə Ermənistan Elmlər Akademiyası Movses Kalankatvatsinin əsərini yenidən nəşr edərək tamamilə yeni bir konsepsiya irəli sürdü. Bu konsepsiyaya görə, guya nə Albaniya dövləti, nə də alban xalqı olub. Onlar Albaniyanı “Böyük Ermənistan”ın bir əyaləti kimi qələmə veriblər. 1988-ci il hadisələrinin elmi və ideoloji əsası məhz 1984-cü ildə qoyuldu. Təəssüf ki, Azərbaycan elmi və ictimaiyyəti o dövrdə bu saxtakarlıklara qarşı operativ və adekvat cavab verməyə hazır deyildi".
Professor müharibənin başa çatmasına baxmayaraq, Qarabağ probleminin hələ də aktual olaraq qaldığını və erməni tərəfinin tarixi saxtakarlıqlardan əl çəkmədiyini bildirib. O, buna qarşı effektiv mübarizə aparmaq üçün uydurmalara deyil, məhz ilkin tarixi mənbələrə əsaslanaraq keçmişimizi dərindən öyrənməyi tövsiyə edib.
"Tədbirdə əsas diqqət ermənilər tərəfindən saxtalaşdırılan alban kilsələri və xristian irsi məsələsinə yönəlib. Qarabağ və Şərqi Zəngəzur bölgələrində Qafqaz Albaniyasına aid çoxsaylı qədim xristian abidələri sonrakı dövrlərdə qərəzli şəkildə erməni irsi kimi təqdim olunur. Bu kontekstdə tez-tez Gəncəsər, Xudavəng, Amaras və digər bu kimi abidələrin adları çəkilir. Professor Həsən Həsənov qeyd edib ki, 1836-cı il Rusiya imperiyasının Əsasnaməsi ilə Alban kilsəsinin müstəqil strukturu ləğv edilərək Erməni Apostol Kilsəsinin tabeliyinə verilib. Məhz bundan sonra alban kilsələrinə, daş kitabələrə və digər xristian irsi nümunələrinə münasibətdə onların erməni tarixi-mədəni irsi kimi saxtalaşdırılması halları kütləvi xarakter alıb".
H.Həsənov jurnalistlərə müraciət edərək, bu cür müzakirələrə sadəcə tarixi ekskurs kimi deyil, Qarabağ həqiqətlərini və problemini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm bir fürsət kimi baxmağı tövsiyə edib. Sonda gənc nəslə, xüsusilə jurnalistlərə müraciət edən professor informasiya mühitinin düzgün formalaşdırılmasının və milli maraqların elmi əsaslarla qorunmasının vacibliyini vurğulayıb.