İctimai nəqliyyat sürücüləri ikiqat diqqətli olmalıdır, amma buna nə deyəsən? - AKTUAL

Eldəniz Cəfərov: Sükan arxasında mobil telefonla danışmaq qanunla qadağandır

Avtobus sürücülərindən narazılıqlar vaxtaşırı səslənir. Bu dəfə Qərbi Kaspi Universitetinin professoru, memar Elçin Əliyev ictimai nəqliyyatda rastlaşdığı hal barədə sosial şəbəkədə paylaşım edib. Vətəndaş qeyd edib ki, 18 saylı marşrut üzrə hərəkət edən 99-JO 505 dövlət nişanlı avtobusun sürücüsü uzun müddət sükanı bir əliylə idarə edib, digər əlində isə mobil telefon tutaraq söhbət edib. E.Əliyev hətta yarı-zarafat, yarı-gerçək, avtobus sürücülərindən ibarət “Formula-1” komandası təşkil etməyin mümkün olduğunu da yazıb: “Dostlar, qulaq asın, artıq ölkəmizdə komanda yaradıb "Formula-1" yarışlarına qoşulmağın vaxtıdır. Bizdə avtobus sürücüləri necə də peşəkardırlar! Təbrik edirəm! Bu səhər qızımla birlikdə 18 nömrəli avtobusla gedirdim. Sürücü bütün yol boyu sərnişinlərlə dolu avtobusu bir əli ilə idarə edir, o biri əlində isə telefon tutaraq fasiləsiz danışırdı. Düzdür, biz “Sahil” metro stansiyasından Uroloji Xəstəxanaya qədər gedən müddətdə o, bir dəfə də olsun danışığa ara vermədi. Amma düşünürəm ki, belə sürücülər daha uzun məsafələri də birəlli rahatlıqla qət edə bilərlər - əsas odur ki, sükan arxasında özünəinam olsun. Bunu haradan bildiyimi soruşarsınız, avtobus bir neçə dəfə az qala aşırdı. Amma mən şikayət etmirəm, başa düşürəm ki, hər şey dərhal alınmır. Əsas odur ki, bizi məktəbə sağ-salamat çatdırdı”.

Avtobus sürücülərinin sükan arxasında mobil telefonla danışması, tum çırtlaması, hətta avtobusu idarə etməsiylə paralel çay nuş etməsi görünməmiş hal deyil. Bizim sürücülər “universal”dılar. Amma bu, qanunidirmi? 

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sürücünün sükan arxasında mobil telefonla danışması qadağandır: 

- İstənilən nəqliyyat vasitəsini idarə edərkən mobil telefonu əldə tutaraq danışmaq qadağandır, bunun cəriməsi var. Bunu bütün sürücülər bilir. Belə halalrın qarşısını Dövlət Yol Polisinin yol-patrul xidməti əməkdaşalrı alırlar. Bu cür hallar ya müşahidə kameraları vasitəsiylə təsbit edilir, ya da yol polisi tərəfindən real zamanda gözlə müşahidə edilərək aşkarlanırsa, sürücü cərimə edilir. İstənilən halda sükan arxasında olan şəxs mobil telefonu əldə tutub danışmamalıdır. Çox zaman mobil telefonu tutacağa bərkidirlər, məsafədən danışıq aparılır, lakin hətta bu da sürücünün diqqətinin yaylnmasına səbəb olacaq haldır. Sürücünün diqqəti yayınmamalıdır. Məsələ ictimai nəqliyyatdırsa, sürücü 2 qat artıq diqqətli olmalıdır. 

E.Cəfərov bildirdi ki, ictimailəşdirilmiş halla bağlı AYNA lazımi tədbir görməlidir.

Qeyd eədk ki, 18 saylı marşrut “Faiq Xaliqoğlu” MMC-yə məxsusdur.