İstanbul avtovağzalında yatan kişilər - Naxçıvandan köçün acı mənzərəsi

"Naxçıvanda elə kəndlər var ki bütün evlərin qapıları bağlıdı, hamısı ya Bakıdadır, ya da ki İstanbula, Naxçıvanla yaxın olan İğdıra, Vana iş axtarmağa gedirlər"

Zəngəzur dəhlizi açılsa, Naxçıvanın taleyi dəyişəcək, bura sərmayə qoymağın vaxtıdır

Naxçıvanlıların qardaş Türkiyəyə iş ardınca getdikləri, lakin orada ağır duruma düşdüklərinə dair video yayılıb sosial şəbəkədə. Bildirilir ki, Naxçıvandan İstanbula iş ardınca gedənlər iş tapa bilmir, günlərlə küçələrdə pulsuz, ac, susuz qalır, ya skamyalarda yatır, ən yaxşı halda məscidlərdə gecələyirlər. Geri qayıtmağa yol pulları da olmur. Kimisinin bəxti gətirir, həmyerlisini görür, onun hesabına avtobusa bilet alıb İğdır yoluyla Naxçıvana qayıda bilir. 

Yaranmış vəziyyətlə bağlı “Sherg.az”a danışan D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, əslən Naxçıvandan olan Novella Cəfəroğlu qeyd etdi ki, həqiqətən də çox acınacaqlı vəziyyət yaranıb: 

- Naxçıvanda elə kəndlər var ki bütün evlərin qapıları bağlıdı, hamısı ya Bakıdadır, ya da ki İstanbula, Naxçıvanla yaxın olan İğdıra, Vana iş axtarmağa gedirlər. Bunun ən böyük səbəbi Bakı ilə Naxçıvan arasındakı Zəngəzur yolunun bağlı olmadısır. İllərdir bu insanlar yetişdirdiyi məhsulu dəmir yoluynan gətirib sata bilmirlər, Naxçıvana quru yolu olmadığı üçün investorlar da riskı gedib sərmayə qoymaq istəmir. Qarabağ savaşı bizim hamımızı yönəltmişdi Qarabağa. İndi Allaha şükür, vəziyyət dəyişib, mən inanıram ki Qarabağın dirçəlişini qurtarıb, Allah qoysa Zəngəzur yolu açılacaq, sülh müqaviləsi bağlanandan sonra Naxçıvana da fikir verən olacaq. İllərdir bu insanlar bir təyyarənin ümidinə qalıblar, yollar bərpa olunacaq, Allah qoysa bütün Asiya qapıları açılacaq. Naxçıvan camaatı çox işgüzar və qonaqpərvər insanlardı, ən birinci onlar o İpək yolunu açacaqlar, Ordubad qozunu, mürəbbəsini, Nehrəm pendirini, ekoloji təmiz tərəvəzlərini bütün dünyaya çatdıracaqlar. Dağ otlarını şəfa üçün yyığıb qurudub heç bir yerə apara bilmirlər. Tövsiyəm biznes strukturunda işləyənlərədir, indidən Naxçıvanda yerlər alsınlar, gələcək üçün. Naxçıvanın turizmi, göstərməyə o qədər gözəl yerlər var, Duz dağından tutmuş, Əshabi-Kəhf mağarasına, qədim qalalara qədər. Geoloji kəşfiyyat təzədən inkişaf edəcək, Naxçıvanın “Badamlı”sı, “Sirab”ı, “Vayxir” suyu da var, bütün dünyaya ixrac edilə bilər. İndidən hazırlığa başlasalar, o İstanbulun avtovağzalında yatan kişilər qayıdıb işə başlaya bilər. Mən doğma yurdum Naxçıvanın aşiqiyəm, orada anadan olmuşam, baxmayaraq ki Bakıda böyümüşəm, amma heç zaman Naxçıvandan ayrılmamışam. 

N.Cəfəroğlu xatırlatdı ki, Kislovodsk da, Soçi də Naxçıvanın təmiz havasına çata bilməz: 

- Mən on il geoloji kəşfiyyat ekspedisiyasında işləmişəm. Təbiətə də, faydalı qazıntılarla zəngin torpağımıza da bələdəm. Atam yüksək vəzifələrdə işləyirdi, amma yay aylarında bizi Soçi, Kislovodska yox, göndərirdi Naxçıvana, kəndimizdə bulaq suyu içirdik, torpağın üstündə gəzirdik, ayaqqabısız, meyvələri ağacdan dərirdik, bostandan pomidor yeyirdik, səhər-səhər şehi üstündə. Rus dilli məktəbdə oxusaq da, atam bizə Vətəni, dilimizi sevməyi, torpağa hörmət etməyi öyrətmişdi. İndiyə qədər ailəmiz, uşaqlar ildə bir dəfə də olsa Naxçıvana gedib qohumlarımızla görüşürük, bu, adətə çevrilib. Naxçıvan camaatı çox sadə, zəhmətkeş, təmiz insanlardı. Sadəcə, onlara işləmək üçün imkan yaradılmalıdır ki diyarbədiyar düşüb iş axtarmasınlar.