ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper “USS Abraham Lincoln” aviadaşıyıcısının ekipajının uzunmüddətli missiya səbəbindən yorulduğunu bildirib.
Teleqraf xəbər verir ki, Bred Kuper bu barədə “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində yazıb.
Admiral bu yaxınlarda Ərəbistan dənizində olan aviadaşıyıcıya baş çəkdiyini və ekipaj üzvləri ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, hərbçilər yorğun olsalar da, tapşırıqlarını tam gücü ilə yerinə yetirməyə davam edirlər. (The Wall Street Journal)
“Ekipaj yorulub, lakin tam gücü ilə işləməyə davam edir”, - Kuper qeyd edib.
CENTCOM rəhbəri aviadaşıyıcıdakı məişət və xidmət şəraiti ilə bağlı daha əvvəl mediada yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, qida təminatı, isti su və bir neçə ay əvvəl hərbçilərin qaldırdığı digər problemlər komandanlıq tərəfindən nəzərdən keçirilib və aradan qaldırılıb.
Kuper qeyd edib ki, mediada əməliyyatların intensivliyi, ekipajın mənəvi-psixoloji vəziyyəti və hərbçilərin üzləşdiyi çətinliklərlə bağlı müxtəlif məlumatlar yayılıb. Admiralın sözlərinə görə, aviadaşıyıcıya səfəri zamanı bu problemlərin bir qisminin artıq keçmişdə qaldığını müşahidə edib.
“USS Abraham Lincoln” 2025-ci ilin noyabrında missiyaya başlayıb və Yaxın Şərqdə ABŞ-nin hərbi əməliyyatlarının təmin edilməsində iştirak edib. Aviadaşıyıcı İranla qarşıdurma dövründə də bölgədəki ABŞ qüvvələrinin əsas elementlərindən biri olub. (Military Times)
ABŞ Prezidenti Donald Tramp avqustun 14-də aviadaşıyıcının planlı qüvvə rotasiyası çərçivəsində Yaxın Şərqdən geri qaytarıldığını açıqlayıb. O, gəminin missiyasının həddindən artıq uzanması ilə bağlı iddiaları rədd edib.