London Rusiyadan istədiyini almaqda israrlıdır

Conson ağıllı davranaraq siyasi viruslara qarşı immunitet formalaşdırır

"Qərbin hazırda Rusiyaya qarşı vahid cəbhədə səylərini birləşdirməsi Londonun ideyalarının icrasıdır. Yəni Qərb hazırda ABŞ-dan çox Britaniyanın çətiri altına yığışıb və addımlarını Londonun ambisiyaları ilə ayaqlaşdırır"

Böyük Britaniyanın Baş naziri Boris Consonun Ukraynaya qəfil səfəri, Prezident V.Zelenski ilə müzakirələri və Kiyev küçələrində gəzintiyə çıxması dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Prezident Ofisinin rəhbəri Andrey Yermak Boris Conson Vladimir Zelenski arasında söhbətin “çox zəngin və konstruktiv” olduğunu bildirib. O deyib ki, liderlik – digərləri məsuliyyətdən yayınmağa çalışan zaman, bəzilərinin könüllü olaraq üzərinə götürdüyü yükdür: “Real liderlərin sayı heç vaxt çox olmur. Və çox yaxşı ki, onların arasında Ukraynanın əsl dostlar var. Böyük Britaniyanın Baş naziri Boris Conson kimi”. 

Onun sözlərinə görə, Conson Rusiya təcavüzünün ilk günlərindən Zelenski ilə birbaşa təmasda olub: 

“Bu gün isə yenidən Kiyevə gəlib. Söhbət çox zəngin və konstruktiv keçdi”. Yermak əlavə edib ki, müntəzəm olaraq cənab Consonun təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrouv və beynəlxalq məsələlər üzrə müşaviri Devid Kvorri ilə danışır, buna görə də bu səfər kortəbii olmayıb: 

“Nəticələri gözləmək çox çəkməyəcək. Amma indidən deyə bilərəm: biz daha da güclənəcəyik”. Britaniya hökumətinin mətbuat katibi isə bildirib ki, Boris Conson Vladimir Zelenskiyə hərbi yardımın gücləndirilməsi ilə bağlı təkliflər təqdim edib: “Baş nazir Prezident Zelenski ilə şəxsən görüşmək və Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Ukraynaya səfər edib. Baş nazir yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək”. Bəzi məlumatlara görə, söhbət çox ciddi yardım paketindən gedir. Conson bildirib ki, Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək. Onun sözlərinə görə, söhbət yüksək dərəcəli silahlardan, o cümlədən “Starstreak” zenit raketlərindən gedir. Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya Ukraynaya “Mastiff” və “Chakal” tipli zirehli texnika göndərməyə hazırlaşır. Xatırladaq ki, ümumilikdə indiyədək ABŞ və müttəfiqləri artıq Ukraynaya 60 min tank əleyhinə sistem və 25 min Daşınan Zenit Raket Kompleksi göndərib.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Böyük Britaniya-Rusiya əlaqələrində qeyri-sabitlik və açıq siyasi düşmənçiliklə səciyyələnən münasibətlərin xarakteri daha da sərtləşir. Analitik bildirib ki, Britaniya Rusiyanı özünə qarşı ən böyük təhdid olaraq qiymətləndirir: 

“London bu təhlükələri qidalandıran səbəbləri Rusiyanın bir neçə istiqamətdəki aktivliyində axtarır. Britaniyanın dərin strateji zəkasını narahat edən məqamları tezis şəklində belə təsnifatlandıra bilərik. Rusiya Avropa məkanında var-gəl edir. Çinlə müttəfiqliyindən həvəslənərək Hind-Sakit okeanı regionunda özünün iddialılığını gücləndirir. Kütləvi qırğın silahlarının, nüvə başlıqlı silahların istehsalının artması Britaniyanın dünyada artan maraqlarına risklər yaradır. Britaniya ağıllı davranaraq siyasi viruslara qarşı immuniteti formalaşdırır, Qərbin hazırda Rusiyaya qarşı vahid cəbhədə səylərini birləşdirməsi Londonun ideyalarının icrasıdır. Yəni Qərb hazırda ABŞ-dan çox Britaniyanın çətiri altına yığışıb və addımlarını Londonun ambisiyaları ilə ayaqlaşdırır.  Britaniya Rusiya xalqına, mədəniyyətinə və tarixinə hörmətlə yanaşır və əsas hədəfi Rusiya hökumətini Qərbə münasibətini müsbətə doğru dəyişməkdir, lakin bu hədəfinə nail olması ağrılı hadisələrlə mümkündür. Ən azından bu fikir formalaşır ki, Britaniyanın məqsədi Rusiya Prezidenti Vladimir Putini devirməkdən ibarətdir”.

A.Kərimova görə, London Rusiyadan istədiyini almaqda israrlıdır:

 “Kreml isə bu strateji tamaşaya yalnız silahla çıxır və bununla qürrələnir. Silahlardan söz düşmüşkən, Britaniyanın Ukraynaya hərbi dəstəyini artırması və müasir silahlar gətirməsi müharibənin hələ bir müddət davam edəcəyindən xəbər verir. Consonun Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə gətirdiyi portfelin içərisindən Ukraynaya silah və maddi yardım paketinə dair həlledici dəstək çıxması münaqişədə yeni istiqamət yaradır. Çünki Rusiya rəhbərliyi danışıqlarda Qərbin masaya qoyduğu şərtləri asanlıqla qəbul etməyəcək, bu isə diplomatik təmaslarda razılıq əldə olunacağı müddətə qədər döyüşlərin şiddətlənəcəyi ehtimalını çoxaldır. 

Britaniyanın gəmi əleyhinə raketləri Ukraynaya ixrac etməsi Rusiyanın donanmasını təhlükə altına qoyur, Kreml isə bunun əvəzinə yalnız raket atəşləri ilə çıxa bilər. Vəziyyətdəki gərginliyin yeni formaya keçməsi isə böyük şahmat taxtasında mübarizəni ümumbəşəri həqiqətlər uğrunda ideyalara deyil, mənəvi qəbahətlərlə dolu, lakin strateji böyük həqiqətlərin bərqərar olmasına kökləyəcək”.