Millət vəkili: ABŞ və Fransa müharibənin bitməsini və sülh müqaviləsinin imzalanmasını istəmir


"Belə bir nəticə çıxartmaq olar ki, Ermənistan-Azərbaycan münaqişəsinin 30 il davam etməsinin səbəbkarları bu ölkələr olub"
"ABŞ və Fransanın səfirləri dəvəti qəbul etməyərək Şuşadakı beynəlxalq konfransa qatılmayıblar".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. 
Deputat bildirib ki, ABŞ və Fransa səfirlərinin dəvətimizi qəbul etməməsi birinci növbədə Azərbaycana qarşı hörmətsizlikdir: 
"Deməli bu dövlətlər üçün beynəlxalq hüquq, ədalət boş şeydir. Onlar ancaq öz mənafələrinə və maraqlarına xidmət edən siyasət yürüdürlər. Burdan belə bir nəticə çıxartmaq olar ki, Ermənistan-Azərbaycan münaqişəsinin 30 il davam etməsinin səbəbkarları bu ölkələr olub. Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ABŞ və Fransa bu illər ərzində ədalətli mövqedən çıxış edərək Ermənistana təsir göstərsəydi, münaqişə çoxdan bitərdi. Müharibəyə ehtiyac qalmazdı. Hətta 44 günlük Vətən müharibəsi zamanı bu ölkələr BMT-nin TŞ-da Azərbaycana qarşı qətnamə qəbul etmək istəyirdilər. Amma bizə dost ölkələr o zaman Azərbaycana qarşı qətnamənin qəbul olunmasını bloklamışdılar. Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin etdiyi haqqında da xəbərlər yayıldı. Amma Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla bağlı bu ölkə ilə eyni təşkilatda təmsil oluna bilməyəcəklərini də bildirmişdilər. Bu o demək idi ki, faktiki Minsk Qrupu yoxdur. Həm də biz ərazi bütövlüyümüzü təmin etməklə münaqişəni bitirmişik. Minsk Qrupunun fəaliyyətini də "pensiyaya" göndərdiyimizi elan etmişik".
Parlament üzvü qeyd edib ki, prosesləri nəzərə alaraq deyə bilərik ki, bu iki ölkə müharibənin bitməsini və sülh müqaviləsinin imzalanması mərhələsində olduğunu qəbul etmək istəmir: 
"Çünki Cənubi Qafqazda sülhün yaranması onların siyasətinə və maraqlarına uyğun gəlmir. Onlar regionda gərginliyin olmasının və özlərinin daima mövcudluğunun qorunmasının maraqındadır. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara uyğundur. Ona görə də onlar məsələlərə birbaşa müdaxilə edə bilmədiyindən ancaq uzaqda dayanaraq xoşa gəlməyən belə hərəkətləri ilə öz mövqelərini bildirirlər".