Milli Məclisin üzvü “Erkən kəsimə son” kampaniyasına qoşulub

Milli Məclisin deputatı Azər Badamov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” maarifləndirici kampaniyasına qoşulub.

AZƏRTAC xəbər verir ki, onun agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinə bildirdiyinə görə, quzuların erkən yaşda kəsilməsi yerli cinslərin sayının kəskin azalmasına səbəb olur. Mövcud vəziyyət isə xaricdən heyvan ətinin tədarükünü zəruri edir. Ona görə də əhalinin həmin kampaniya vasitəsilə maariflənməsi çox vacibdir.

“Azalmanın kökündə dayanan əsas səbəblərdən biri mal-qaranın və xırdabuynuzlu heyvanların erkən yaşlarında kəsilməsi ilə bağlıdır. Təbii ki, bu, yolverilməzdir. Çünki quzu və dana əti erkən yaşlarında bioloji cəhətdən də lazımi səviyyəyə gəlmir, yəni əzələ kütləsi yığılmır. Həmin hal, həmçinin mal-qaranın və xırdabuynuzlu heyvanların sayının azalmasına da kəskin təsir göstərir. Bunun baş verməməsi üçün isə yeni çağırışlar olmalıdır. Çağırışlar ondan ibarətdir ki, xırdabuynuzlu heyvanların kəsimi altı-doqquz aydan sonra həyata keçirilməlidir”, – deyə Milli Məclisin üzvü bildirib.

Azər Badamov cəmiyyətin hər bir üzvünü bu aksiyaya qoşulmağa çağırıb.

Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.