"İslama qarşı nifrət yayanlar cəmiyyəti təhlükəyə aparır" - Hacı Atif İsmayılov

  • "Bu mənada məlum şəxs barəsində hüquqi tədbir görülməsi təqdirəlayiqdir"

Dini inanclarla bağlı son zamanlar təhqiredici ifadələr, kin və nifrət məzmunlu paylaşımlar sosial mediada çoxalıb. Və çox maraqlıdır ki, bu cür paylaşımlar əhalisinin 90 faizi müsəlman olan ölkədə məhz İslam dininə qarşı məzmunludur.

Görünür, belə bir şəraitin yaranmasının cəmiyyətdə təfriqə sala biləcəyi nəzərə alınaraq hüquq-mühafizə orqanlarını haqlı olaraq hərəkətə keçirib. Sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən şəxs polis əməkdaşları tərəfindən bu günlərdə saxlanılıb. 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir. Məlumatda şəxsin kimliyi, konkret hansı məzmunda paylaşımlar etməsi qeyd edilməsə də, bu cür paylaşımların insanlar arasında kin və nifrət saldığı şəksizdir.

Təbii ki, insanların inanclarını sorğulamaq, ya da təhqir etmək yanlış yanaşmadır.

İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycan tolerant ölkədir, burada bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Eyni zamanda unutmaq olmaz ki, Azərbaycan əhalisinin 90 faizi İslam dininə mənsubdur, müsəlmandır:

Ölkə Konstitusiyasında, “Dini etiqad azadlığı haqqında” Qanunda da hər bir insanın öz dini etiqadını sərbəst şəkildə yaşaması hüququ verilib. Kimisə hansısa inanca zorla məcbur etmək olmaz. İnsanların inanclarını sorğulamaq, ya da təhqir etmək yanlış yanaşmadır. Azərbaycanda bütün dinlərin nümayəndələri bir-birilə mehriban, səmimi münasibətdədirlər. Belə bir şəraitdə dini inanclar arasına ayrı-seçkilik salmaq və yaxud da kin-nifrət yaratmaq, dini inanc əleyhinə radikal fikirlər səsləndirmək, insanların hissləri ilə oynamaq qəbuledilməzdir. Və qanuna ziddir. Ona görə də özünü ateist adlandıran şəxslər tərəfindən sosial şəbəkələrdə Allahsızlıq fikirlərini ifadə etmək, bununla yanaşı, cəmiyyətin böyük bir kəsiminin hörmət bəslədiyi məsələləri təhqiramiz şəkildə ifadə etmək insanlar arasında kin, nifrət və radikalizmin yayılmasına səbəb olur. Cəmiyyətdə sabitlik və rifah naminə bunun qarşısı alınmalıdır. Bu mənada məlum şəxs barəsində hüquqi tədbir görülməsi təqdirəlayiqdir.

İlahiyyatçı qeyd etdi ki, insanlar arasında hər hansı məsələdə fikir ayrılığı ola bilər, amma bu, digərlərinin inancını təhqir etmək, öz fikrini zorla yeritməyə çalışmaq olmamalıdır. Çünki bu cür davranış cəmiyyətdə zorakılığa, radikalizmə dəvət şəklini ala bilər:

Belə şəxslər haqqında vaxtında uyğun tədbirlər görülməlidir. Qeyd edilən şəxsin milli-mənəvi dəyərlərimizin kökündə dayanan şəhidlik zirvəsi, Vətən şəhidləri haqqında təhqiramiz ifadələr işlətməsi qəbuledilməzdir. Bu, həmin insanın psixi probleminin olmasından xəbər verir. Müxtəlif fikirlilik yaxşıdır, o halda ki, səslənən bu fikir cəmiyyətdə qarşıdurmaya səbəb olmasın, kin və nifrət yaymasın, zorakılığı təbliğ etməsin, ədəb-ərkan qaydalarından kənara çıxmasın. Ümid edirik ki, bundan sonra da təfriqə salmaq istəyən şəxslərlə bağlı lazımi tədbir görüləcək.