Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu tarix təsadüfi seçilməyib. Üç il əvvəl – 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunub.
19 sentyabrda başlanan və cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyatla 30 illik separatizmə son qoyulub. Azərbaycan Ordusu yüksək peşəkarlıqla qanunsuz silahlı birləşmələri tərksilah edib, düşmən ağ bayraq qaldıraraq təslim olub. Qarabağda uzun illər mövcud olmuş qondarma rejim sentyabrın 28-də özünü buraxdığını elan edib.
Bu Zəfərin rəmzi davamı isə 2023-cü il oktyabrın 15-də yaşandı. Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını ucaltdı. O bayraq ki, illərdir həsrətlə gözlənilirdi.
İndi işğaldan azad edilən ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqraml çərçivəsində illərlə separatizmin mərkəzinə çevrilmiş Xankəndi yenidən qurulur, dövlət idarələri, təhsil ocaqları fəaliyyət göstərir.
Tariximizin ən qanlı səhifəsi, 613 günahsız insanın soyqırıma məruz qaldığı Xocalının azadlığı isə şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzun yerinə yetirilməsi, ədalətin bərpasıdır.
Ölkəmiz və ordumuz üçün strateji və mənəvi əhəmiyyət daşıyan Xocavənd və Ağdərə şəhərləri də antiterror əməliyyatı ilə düşmən işğalından tam azad edilib. Digər şəhərlər kimi orada həyat yenidən canlanır, böyük qayıdışın addım səsləri eşidilir.
Göründüyü kimi, 20 Sentyabr sadəcə bir təqvim günü deyil. Bu, Azərbaycanın monolit dövlət kimi dünyada təsdiqləndiyi, ərazi bütövlüyümüzün dönməz reallığa çevrildiyi gündür. Bu gün Xankəndidə, Xocalıda dalğalanan üçrəngli bayraq bütün dünyaya bir mesajdır: Azərbaycanın suverenliyinə qəsd edən hər bir cəhd iflasa məhkumdur.
Miĺli Məclisin deputatı Nigar Məmmədova Sherg.az-a bildirib ki, 20 Sentyabr təxminən 1 qərinə ərzində davam edən münaqişənin, işğalın və məcburi köçkünlük həyatının yaratdığı məşəqqətli səhifənin bağlanmasını, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını ifadə edir. Deputat xüsusilə qeyd edib ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə adlarının eyni tarixdə birləşməsi böyük simvolik məna daşıyır:

"Bu şəhərlər Qarabağın tarixində, mədəniyyətində və ictimai həyatında mühüm yer tutmaqla yanaşı, uzun illər işğal və separatizmin yaratdığı faciələrin də şahidi olublar. 2023-cü ilin noyabrında Xankəndidə hərbi paradın keçirilməsi Azərbaycan tarixində simvolik və dövlətçilik baxımından xüsusi məna daşıyan hadisə idi. Zəfər Günündə keçirilən parad 2020-ci il müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün, 2023-cü ilin sentyabr hadisələrindən sonra isə dövlət suverenliyinin tam bərpası fonunda baş tutdu. Paradın iştirakçıları arasında 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələr də vardı. Müzəffər Ali Baş Komandan paradda çıxışı zamanı Ordunun peşəkarlığını, döyüş hazırlığını və hərbçilərin göstərdiyi qəhrəmanlığı xüsusi vurğuladı. 2023-cü il oktyabrın 15-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdı. Cənab Prezident qeyd etmişdir ki, “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi."”
Nigar Məmmədova qeyd edib ki, vaxtilə Azərbaycan xalqının ən ağır faciələrindən birinin yaşandığı Xocalıda 30 ilə yaxın müddətdən sonra Azərbaycan Bayrağının dalğalanması tarixi ədalətin bərpasının simvoluna çevrilib:
"Xocalı şəhərində 2024-cü ildə Soyqırımı Memorialının təməlinin qoyulması, 2026-cı ildə isə memorialın açılması tarixi yaddaşın qorunmasına yönəlmiş mühüm addımlardandır. 20 Sentyabr həm də Qarabağın gələcəyinə açılan səhifədir. Bunun ən mühüm nümunələrindən biri Xankəndidə Qarabağ Universitetinin yaradılmasıdır. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə yaradılan universitet regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların hazırlanmasına hesablanıb. 2024-cü il sentyabrın 20-də universitetin təmirdən sonra açılışının məhz Xankəndidə şəhər günlərinin təsis edildiyi tarixdə keçirilməsi də rəmzi məna daşıyır. Bu gün Xankəndidə müasir şəhər infrastrukturu qurulur. Xocavənddə də bərpa və məskunlaşma prosesi geniş vüsət alır. Hadrut, Tuğ, Xocavənd və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr ərazilərin sosial və iqtisadi baxımdan da dirçəldilməsinə xidmət edir. Eyni zamanda Ağdərənin də yenidən rayon kimi təşkil olunması bu prosesin mühüm istiqamətlərindəndir. Ağdərə şəhərinin rayon mərkəzi kimi müəyyənləşdirilməsi ilə tarixi inzibati bölgünün bərpasına hüquqi əsas yaradılıb. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Ağdərə rayonunun kəndlərinə səfərləri, yeni yaşayış komplekslərinin, sosial obyektlərin və enerji layihələrinin açılışlarında iştirakı burada yeni həyatın formalaşdırıldığını təsdiqləyir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə görülən işlərin miqyası bir həqiqəti ortaya qoyur - Zəfərin davamı şəhərlərin bərpası, insanların öz doğma yurdlarına qayıtmasıdır".