- “Üç il ərzində Paşinyan hökuməti Xankəndidəki öz marionetlərinə dəstək məqsədilə 1 milyard dollardan çox büdcə vəsaiti, silah və resurs ayırdı"
Son günlər Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlər və iki ölkə arasında sülh prosesi ilə bağlı açıqlamaları yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri və Ermənistan ərazisindəki Azərbaycan kəndlərinin, eləcə də anklav və eksklav məsələlərinin gündəmə gətirilməsi Paşinyanın əvvəlki mövqeyi ilə bağlı müzakirələri də aktuallaşdırıb. Bu fonda Ermənistanın 2018-ci ildən sonrakı siyasətinin xatırlanması, 2020-ci il Vətən müharibəsinə aparan proseslərin və müharibədən sonrakı mərhələdə İrəvanın mövqeyinin qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Sabiq xaarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a söyləyib ki, Paşinyanın son bəyanatlarına cəmiyyətimizin müəyyən hissəsinin reaksiyası onu təəccübləndirməkdə davam edir:
“Gəlin, hər şeyi öz adı ilə çağıraq. Ermənistanın hazırkı rəhbəri 2018-ci ildə hakimiyyətə gəldikdən dərhal sonra Ermənistanın əvvəlki hakimiyyətlərinin Ermənistan-Azərbaycan münaqişəsindəki siyasətini davam etdirməyə cəhd göstərdi və “Artsax Ermənistandır və nöqtə” bəyanatını verdi. Daha sonra təmas xəttində eskalasiya taktikasını ardıcıl şəkildə həyata keçirməyə başladı, “İsgəndər” və SU qırıcıları da daxil olmaqla yeni hücum silahları aldı. Onun müdafiə naziri isə “yeni hərbi əməliyyatlar, yeni azad edilmiş ərazilər…” və s. kimi bəyanatlar səsləndirdi.
Zülfüqarov qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi və məlum hadisələr baş verdi:
“Üç il ərzində Paşinyan hökuməti Xankəndidəki öz marionetlərinə dəstək məqsədilə 1 milyard dollardan çox büdcə vəsaiti, silah və resurs ayırdı. Rusiyanın ermənilərin əvəzinə "Qarabağ" uğrunda döyüşməyəcəyinə əmin olduqdan sonra isə Fransa, İran, Hindistan və digər ölkələrlə yaxınlaşaraq, tələsik şəkildə Rusiyaya alternativ axtarmağa başladı. Kapitulyasiyadan 6 il keçdikdən sonra Paşinyan bəyan edir ki, guya bizim eksklavlarımızı qaytarmağa məcburdur. Üstəlik, bunu elə siyasi mimika ilə təqdim edir ki, sanki özünə məxsus olanı deyil, bizə nəsə hədiyyə etmək istəyir. Bu “bir aktyorun teatrı” fonunda isə bizim bəzi “pikey jiletlər”, özlərini politoloq adlandıranlar dinc şəhərlərimizə raketlər göndərən hərbi cinayətkarın ünvanına təriflər yağdırmağa hazırdırlar. Hörmətsiz “Paşinyan fanatları”, bəlkə, yumşaq desək, bir qədər susasınız”.