Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR

Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib.

"Uitkoff və Kuşner Prezident Trampın Rusiya-Ukrayna münaqişəsində sülhə nail olunması xəttini irəlilətmək üçün Putinlə görüşüblər. Tərəflər yaxın həftələrdə elan ediləcək növbəti addımlarla bağlı konkret planları müzakirə ediblər və sabah Ukraynada da eyni dərəcədə səmərəli görüşlərin keçiriləcəyinə ümid edirlər", - deyə Barak Ravid yazıb.

"Axios" jurnalistinin sözlərinə görə, Moskvaya səfər edənlər arasında ABŞ Maliyyə Nazirliyinin sanksiyalara cavabdeh olan yüksəkvəzifəli əməkdaşı Cin Lanq da olub. Lanq Vladimir Putinlə görüşdə iştirak etməsə də, onun xüsusi nümayəndəsi Kirill Dmitriyevlə təmasda olub.

Xatırladaq ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun görüşün yekunları ilə bağlı verdiyi məlumata görə, üç saatdan çox davam edən danışıqlar məzmunlu olub və hər iki tərəf üçün kifayət qədər faydalı keçib.