Son xəbərlər

Kim Çen In Lavrovun müavininə əsəbiləşib Rusiyaya yardımı dayandırdı

Oktyabr ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko tərəfindən səsləndirilən bəyanat səbəbindən Rusiya ilə Şimali Koreya arasında gərginlik yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında bildirilib.

"Rudenko bildirib ki, Kreml gələcəkdə Seul və Pxenyan arasındakı münasibətlərin gərginliyinin azaldılmasına yardım edəcək. Bu isə Şimali Koreyada narazılığa səbəb olub.

Ayın sonunda Şimali Koreyanın xarici işlər naziri Çve Son Hi belə bəyanatların iki dövlət arasında müttəfiqlik razılaşmalarının xarakterinə uyğun gəlmədiyini vurğulayıb və Rusiyanın Cənubi Koreyaya münasibətdə siyasəti ilə bağlı izahat tələb edib.

Çve Son Hi Rusiyaya hərbi dəstəyin müvəqqəti dayandırıldığını bəyan edib. Mövcud məlumata görə, müvafiq qərarı şəxsən Kim Çen In qəbul edib. Xüsusilə, məhdudiyyətlər Şimali Koreyanın hava məkanından Rusiya hərbi-nəqliyyat təyyarələrinin istifadəsinə qadağa qoyulmasını, həmçinin KN-23 ballistik raketlərinin və növbəti artilleriya sursatı partiyasının tədarükünün dayandırılmasını nəzərdə tutur.

Bundan əlavə, Pxenyan Rusiyanın öz ərazisindəki Şimali Koreya hərbi kontingentinin sayının 8.5 mindən 50 min hərbçiyə çatdırılması ilə bağlı müraciətinin icrasını ləngidir", - deyə Ukrayna kəşfiyyatının məlumatında qeyd edilib.