Qarabağda gözlədiyimiz proseslər başlamaq üzrədir

Kreml Azərbaycanın anti-terror əməliyyatına göz yuma bilər

Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə baş verən hadisələr gözlədiyimiz proseslərin başlanğıcıdır”. 
Bunu “Şərq”ə açıqlamasına politoloq Azər Qasımov deyib. Analitik bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın “Azərbaycanla sülh bağlamağa hazırıq” sözü baş nazirin başlayacaq proseslərdən özünü sığortalamaq cəhdidir: 

“Paşinyan demək istəyir ki, Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatı keçirəcəksə, bu, Ermənistanın qərarlarına təsir etməyəcək. 

Onun fikrincə, bu məsələ Azərbaycan-Rusiya və Qarabağ ermənilərini maraqlandırır. İrəvan artıq öz yolunu müəyyən edib. Paşinyanın Zəngəzur dəhlizinin açılmasından, infrastruktur layihələrinin başlamasına start verilməsindən və ən sonda sülh müqaviləsindən danışması bunu göstərir”.

A.Qasımov vurğulayıb ki, Ukraynada baş verən proseslər Rusiyanın əl-qolunu bağlayıb:

 “Rusiya Qarabağda hərbi qüvvə saxlamağa çətinlik çəkir. Sanksiyalar Rusiyanı Azərbaycan və Türkiyədən asılı vəziyyətə salıb. Buna görə də Rusiyaya uzun perspektivdə sərhəddə gərginlik lazım deyil. Yəni Kreml Azərbaycanın anti-terror əməliyyatına göz yuma bilər. Təbii ki, Azərbaycan tərəfi bu əməliyyatı xüsusi ehtiyatlılıq və təmkinlə aparmalıdır. Söhbət irimiqyaslı hücum əməliyyatlarından getmir. Xüsusi təyinatlıların əraziyə daxil olması, separatçıların başçılarını zərərsizləşdirməsi və kilid nöqtələrini məhv etməsi yetərlidir. Sonra hökumətimiz erməni əsilli əhalisi ilə özü məşğul olacaq, onların hər cür təminatını təşkil edəcək”.