Qarabağda nə sülhməramlıya, nə də müşahidəçiyə ehtiyac var! - ŞƏRH

Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür: "İstənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”. Onun sözlərinə görə, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir. Qeyd edək ki, son günlər Ermənistan tərəfi israrla BMT və Aİ sülhməramlı missiyasının Qarabağa yerləşdirilməsinin "zərurətindən" danışırlar. Bu məsələ Ermənistan XİN başçısı Arorat Mirzoyan tərəfindən BMT-nin iclasında da gündəmə gətirilmişdi.
Siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"-a açıqlamasında deyib ki, Qarabağda nə sülhməramlıya, nə də hər hansı kənar və ayrıca formalaşmış müşahidəçiyə ehtiyac var. 
Ekspertin sözlərinə görə, Azərbaycan məsələni Türkiyənin fəal dəstəyi həll edib, bitirib: 
"Bütün dünya görür ki, Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən yerli erməni əhalisinə necə himanist davranış nümayiş etdiririk. Müşahidə missiyası gəlib nə işlə məşğul olmaq istəyir?! İndiyədək yürütdükləri birtərəfli ermənipərəst, qatı xristian təəssübleşliyini sürdürmək, yaxud regionda sülhə olan ümidlərin həta keçməsinə olan ümidləri tamamilə dəfn etmək istəyirlər?! Azərbaycan öz ərazisinə tam nəzarət edir, ölkənin konstitusiya və qanunları işləyir. Heç Rusiya hərbçilərinə də ehtiyac yoxdur, onlar da zəhmət çəkib özlərinin darda olan vətənlərinə geri dönsünlər. Digər ölkə və qurumlar bölgədəki vəziyyətlə çox maraqlanırlarsa, ölkəmizdəki nümayəndələri vasitəsilə məlumat ala bilərlər. Azərbaycan xalqına ATƏT-in Minsk qrupunun “ədaləti” də, “sülhməramlılığı” da artıq yaxşı tanışdır. Heç bir halda dövlətimizin ərazisinə hər hansı hərbi və ya mülki missiyanı buraxmamalıyıq".