Qərb Ukraynaya silah verir, Rusiya isə mesaj...

Samir Hümbətov: "Tərəflər arasındakı gərginliyin ciddi toqquşmaya səbəb olacağı gözlənilmir"

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı apardığını deyib. Danışıq zamanı o, Donbassdakı münaqişənin həlli üçün dərhal Təmas Qrupunun toplanmasına və atəşkəs rejiminin tətbiqinə çağırıb. Prezident bu barədə Twitter səhifəsində yazıb: “Biz sülh prosesinin intensivləşdirilməsinin tərəfdarıyıq. Üçtərəfli Təmas Qrupunun dərhal çağırılmasının və dərhal atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”. Məlumat üçün bildirək ki, Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron işçi qrupun görüşünün təşkili barədə razılığa gəliblər. İşçi qrupun əsas vəzifəsi Donbassda təmas xəttində atəşkəs üçün şərait yaratmaq olacaq. Bundan əlavə Rusiya və Fransa xarici işlər nazirləri yaxın günlərdə Avropada təhlükəsizlik məsələləri üzrə sammitin təşkilini müzakirə edəcəklər. 

ATƏT-in baş katibi Helqa Şmid də özünün "Twitter" səhifəsində tərəfləri Donbassda atəşkəs rejiminə riayət etməyə çağırıb. O deyib ki, Donbassdakı münaqişənin bütün tərəfləri ağır silahlardan istifadəni dayandırmalı və atəşkəsə riayət etməlidir: “ATƏT müşahidəçiləri Minsk razılaşmaları ilə qadağan olunmuş ağır silahlardan istifadənin intensivləşməsini qeydə alıblar. Dinc əhalinin həyatını təhlükəyə atmaq yolverilməzdir”. 

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Şərq”ə bildirib ki, bir aydan çoxdur rus ordusu Ukrayna sərhəddindədir. Analitikə görə, Rusiya üç tərəfə mesaj vermək niyyətindədir:

 “Moskva Ukraynaya demək istəyir ki, Kreml istəmədikcə Kiyev müstəqil addım ata bilməz. Həmçinin, Qərbə bildirir ki, onun sərhədinə yaxınlaşdıqca yaxınlaşmaq istədikləri dövlətləri hədəf halına gətirirlər. Beynəlxalq birliyə də göstərir ki, müharibə istəmir, amma məcburi şəkildə onu müharibəyə cəlb edirlər. Rusiya üçün əsas narahatedici məsələ gələcək təhlükəsizliyi ilə bağlı Qərbin vermədiyi təminatdır. Rusiya demək istəyir ki, Qərb dövlətləri təminat vermədikcə istənilən cəhd uğursuz olacaq. Başda ABŞ olmaqla NATO dövlətlərinin bəziləri, xüsusilə də ABŞ, Böyük Britaniya və Kanadadan Ukraynaya silah tədarükü davam etməkdədir.

 Demək olar ki, bu tendensiya hər gün yaşanır. Bu dövlətlər Ukraynaya verdikləri silah-sursat dəstəyi barədə açıqlama verərkən bildirirlər ki, bunu etməkdə əsas məqsəd Ukraynanın müafiə qabiliyyətini Rusiya qarşısında artırmaqdır. Nəhayət, Rusiya-Ukrayna arasındakı gərginlik, rus diplomatın açıqlamaları, Qərb ölkələrinin müharibənin hər an başlaya biləcəyi ilə bağlı açıqlama verməsi və başqa məsələlər onu göstərir ki, Qərb və Rusiya tərəfi Ukrayna üzərindən öz məqsədlərinə çatmağı planlaşdırırlar. Əlbəttə ki, burada Ukrayna məqsədə çatmaq üçün vasitə hesab edilir”.

S.Hümbətovun fikrincə, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsi gözlənilmir: 

“Rusiya qoşunları Ukrayna sərhədində cəmləşdirilib. Üstəlik də Belarusda Rusiya və Belarus qoşunları təlim keçir. Eyni zamanda Rusiya yaxşı başa düşür ki, əgər Ukraynaya hərbi müdaxilə edərsə, bu ona qarşı ciddi sanksiyalara gətirib çıxarar ki, nəticəsi Rusiya iqtisadiyyatı üçün yıxıcı ola bilər. Ona görə də hesab etmək olar ki, tərəflər arasındakı gərginliyin ciddi toqquşmaya səbəb olacağı gözlənilmir”.