Ramiz Mehdiyevdən sonra AMEA-da müsbət ab-hava hiss olunur

Alimlər seçkidən sonra ciddi islahatların olacağına şübhə etmirlər

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin istefasından sonra AMEA prezidentinin səlahiyyətlərini birinci vitse-prezident Arif Həşimov icra etməyə başlayıb. İki aya yaxın zaman keçsə də, AMEA-da hələlik heç bir dəyişikliyin olmadığı iddia edilir. İctimaiyyəti və alimləri düşündürən əsas məqam qurumun yeni rəhbərinin kim olacağı və elm məbədində köklü dəyişikliklərin olub-olmayacağıdır. Hələlik akademiyada qeyri-müəyyənlik ab-havası hökm sürür və hansısa islahat müşahidə edilmir.

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, tanınmış alim Faiq Ələkbərli “Şərq”ə deyib ki, qurumda baş verən son dəyişikliklərdən sonra müəyyən ümidlər formalaşıb. Onun sözlərinə görə, elm adamları yeni rəhbərlik dönəmində ciddi dəyişikliklərin olacağını düşünür: 

“Vitse-prezident Arif Həşimovla bir neçə dəfə görüşmüşük və bizə xoş təəssürat bağışlayıb. Ümidvarıq ki, yeni seçkilərdən sonra vəziyyət müsbətə doğru dəyişəcək. Arif Həşimovun AMEA prezidenti olmasını məqbul görənlər də var. Başqa namizədlərin adları da hallanır. Rəhbərliyin kim olmasından asılı olmayaraq, AMEA ilə bağlı xoşagəlməz söz-söhbətlərin sonlanmasını arzulayırıq. Artıq ciddi mənada əhəmiyyətli işlər görülməyə başlanılıb. Ən azından Ramiz Mehdiyevin gedişindən sonra qurumda müsbət ab-hava hiss olunur. Seçkilərin aprelin sonu, yaxud daha yaxın günlərdə baş tutması gözlənilir. Seçkidən sonra ciddi islahatların olacağına şübhə etmirik. AMEA-nın varlığı çox önəmlidir və yaşamalıdır. Yaşaması üçün də islahatlar vacibdir. Bu elm məbədini kimlərinsə oyununa qurban vermək olmaz”. 

F.Ələkbərli qeyd edib ki, elmli, intellektual alimləri quruma cəlb etmək lazımdır:

 “Yeni nəslin öz sözünü deməsinə şərait yaradılmalıdır. Dünyanın aparıcı ölkələrində elmlər akademiyasında işləyən müəllimlər ali təhsil ocaqlarında daha çox etibar görürlər. Bu da elmlər akademiyasının nüfuzundan irəli gəlir. Düzdür, AMEA daxilində faydasız işlərlə məşğul olanlar var. Amma bunu bütövlükdə quruma şamil etmək haqsızlıq olar. Orada ciddi, elmli, intellektual alimlər çoxdur. Kimlərinsə buna ləkə gətirməsinə imkan verməməliyik”.