Rusiya qərarını verib! – “Donbası Rusiyaya birləşdirəcək” - TƏHLİL

Ötən gün Rusiya qondarma Donetsk və Luqansk respublikalarının “müstəqilliyini” tanıyıb. Müvafiq qərar Rusiya prezidenti Vladimir Putinin sədrliyilə keçirilən ölkənin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib və dövlət başçısı tərəfindən xalqa müraciəti zamanı bəyan olunub. Putin canlı efirdə hər iki qondarma dövlətin tanınması ilə bağlı qərarları imzalayıb.
ABŞ bu qərara dərhal münasibət bildirib. Ağ Evdən verilən məlumata görə, ABŞ ölkə vətəndaşlarına və şirkətlərinə “DXR” və “LXR” ilə ticarəti qadağan edəcək. Qeyd edilib ki, ABŞ prezidenti Co Bayden tezliklə “DXR” və “LXR” ilə investisiya,  ticarət və maliyyə sahəsində hər hansı bir əməkdaşlığı qadağan edən fərmanı imzalayacaq.

Bu hadisələrin fonunda diqqəti cəlb edən digər önəmli məqam baş tutması gözlənilən Blinken-Lavrov görüşüdür. Putinin bəyanatından sonra görüşün təxirə salınmasına dair fikirlər səslənsə də, bu iddialar təkzib olunub.  ABŞ dövlət katibi Entoni Blinken hələlik Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünü təxirə salmayıb. Bu barədə Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayılıb. Qeyd olunur ki, xarici siyasət qurumunda sözügedən məsələnin müzakirələri davam etdirilir.

Yaxın zamanda baş tutması gözlənilən görüşü “Sherg.az”a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu görüş nəticə verməyəcək:

“Bu günə qədər baş tutan görüşlər nəticə vermirdisə, bu görüşün də heç bir nəticəsi olmayacaq. Bu sadəcə görüş xatirinə görüş olacaq. 

Çünki artıq Rusiya qərarını verib. O, Donbassı “rəsmən” tanıdı və öz qoşunlarını ora yeridəcək. Növbəti mərhələdə də Krımda olduğu kimi  Donbası Rusiyaya birləşdirəcək.

Yəni, bu nəticəsiz bir danışıq olacaq. Rusiya bütün görüşlərə qatılacaq. Çünki artıq bildiyini edib. İndi əksinə, Qərb ölkələrinin liderləri bu danışıqların faydasız olduğunu görüb danışıqlardan imtina edə bilərlər”.

Çimnaz Şahlar