Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!

  • Dünya dəniz ticarətini təhlükə gözləyir, Putinin Qərbə cavabı dəhşətli ola bilər

Rusiya ilə Qərb arasında enerji və dəniz ticarəti üzərindən qarşıdurmanın yeni mərhələyə keçməsi ehtimalı artır. Qərb ölkələrinin Rusiyanın neft ixracında istifadə etdiyi kölgə donanmasına qarşı təzyiqləri gücləndirməsi Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya gəmilərinin ələ keçirilməsi praktikada həyata keçirilərsə, Moskva buna “güzgü prinsipi” ilə cavab verəcək. Putinin açıqlamasında diqqət çəkən məqam cavab tədbirlərinin yalnız Rusiya gəmilərinin ələ keçirildiyi ərazilərlə məhdudlaşmayacağı mesajıdır. O, Rusiyanın özünün məqsədəuyğun hesab etdiyi istənilən ərazidə, o cümlədən Sakit okean istiqamətində qarşılıq verə biləcəyini bildirib. Bu isə potensial qarşıdurmanın coğrafiyasının genişlənməsi və dəniz ticarəti marşrutlarında təhlükəsizlik risklərinin artması ehtimalını gündəmə gətirir. Beləliklə, Ukrayna müharibəsi fonunda Rusiya-Qərb qarşıdurmasına yeni bir istiqamət-dəniz ticarəti və kommersiya gəmilərinin təhlükəsizliyi məsələsi əlavə oluna bilər. Əgər tərəflər qarşılıqlı olaraq ticarət gəmirlərinin ələ keçirilməsi siyasətinə keçərsə, bu, yalnız Rusiya və Qərb arasındakı münasibətlərə deyil, beynəlxalq dəniz ticarətinə, enerji daşımalarına və qlobal logistika zəncirlərinə də ciddi təsir göstərə bilər.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, hazırda Rusiyanın enerji ixracına çox ciddi bloklama cəhdləri göstərilir:

“Qərb ölkələri, ABŞ başda olmaqla, Rusiyanın enerji resursları ixracında önəmli rol oynayan kölgə donanmasına zərbələr endirməkdə davam edirlər. Xüsusilə də Rusiyanı təmsil edən, hətta başqa ölkələrin bayraqları altında fəaliyyət göstərən kölgə donanmasına bağlı tankerlər, yəni neft tankerləri Qərb ölkələri tərəfindən ələ keçirilir və sonra həmin tankerlər metallom statusunda satılır, yəni sıradan çıxarılır. Son belə addımlar ABŞ tərəfindən atılıb. Təbii ki, bu, Rusiya üçün olduqca ağır bir zərbədir. Çünki Rusiyanın enerji resurslarını ixrac etmək üçün bütün istiqamətlərin bağlandığı kimi görünür. Xüsusilə də boru kəmərləri sıradan çıxarılıb və indi Rusiyanın əlində yeganə vasitə kimi neft tankerlərindən istifadə variantı qalıb, yəni kölgə donanması. Burada da önəmli olan məqam ondan ibarətdir ki, Ukrayna PUA-lar vasitəsilə Rusiyanın yüzlərlə neft tankerini artıq vurub sıradan çıxarıb, yararsız hala salıb. Ona görə də kölgə donanmasının gəmilərinin sayı ciddi şəkildə azalıb. Geri qalan hissəsi də indi Qərb ölkələri tərəfindən müxtəlif su hövzələrində ələ keçirilir və Rusiyaya bir daha geri qaytarılmır”.

Analitik qeyd edib ki, bu, Kremldə olduqca ciddi narahatlıq və təşviş doğurub:

“ Ona görə də Prezident Putin Qərb ölkələrini güzgü prinsipi ilə cavab verməklə təhdid edir. Güzgü prinsipi ondan ibarətdir ki, əgər hər hansı bir ölkə Rusiyaya aid nefti daşıyan tankeri ələ keçirəcəksə və onu bir daha geri qaytarmayacaqsa, Rusiya da eyni addımı atmaq niyyətindədir. Yəni müxtəlif Qərb ölkələrinə aid ticarət gəmilərini ələ keçirərək geri qaytarmamaq, əvəzini bununla çıxmaq niyyətində olduğunu göstərir. Belə anlaşılır ki, bundan sonra dəniz ticarəti tanker ovu, yaxud da gəmi ovu prinsipi üzrə davam edə bilər. Yəni Rusiya və Qərb ölkələri arasında qarşılıqlı olaraq tanker ovu, gəmi ovu başlamış olacaq. Bu da dünya dəniz ticarəti sahəsinə ağır zərbələr vura, eyni zamanda Qərb ölkələri ilə Rusiyanın münasibətlərini daha da gərginləşdirə bilər. Əgər Putin Qərbə yönəlik təhdidlərini reallığa çevirməyə çalışarsa, o zaman Rusiya və Qərb arasında yeni qarşıdurma istiqaməti açılmış olacaq. Bu da daha qorxunc nəticələr verə bilər. Ümumiyyətlə bundan sonra dəniz ticarətinin təhlükəsizliyini təmin etmək hər iki tərəf üçün çox çətin olacaq. Belə situasiyada isə, təbii ki, Qərb ölkələri yenidən Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etmək qərarına gələ bilərlər. Bu da istənilən halda Rusiyaya qarşı bumeranq effekti verə biləcək bir proses anlamı daşıyır”.