“Sabereen News” məkrli dezinformasiya yayır
Bu işin pərdəarxasında məhz İranın dayandığını iddia etmək üçün ciddi səbəblər var
Azərbaycandan Ukraynaya aviabombaların, lazerli avia-zərbə raketlərinin göndərilməsi haqda məlumatlar yayılıb. Məlumat İraqda yayımlanan mətbu orqanın - “Sabereen News” teleqram, daha sonra isə tviter səhifəsində paylaşılıb. Ekspertlərin fikrincə, “Sabereen News”un paylaşığı əsassız məlumatlar rəsmi Bakıya qarşı qurulan növbəti məkrli oyundur. Nəşrin yaydığı məlumatda açıq şəkildə qeyd edilir ki, Azərbaycan neytral qalacağını desə də, müharibədə Rusiya ordusuna qarşı Ukrayna hökuməti və NATO-ya dəstək verir. Yəni buradan aydın olur ki, müəyyən güclər faktiki olaraq Cənubi Qafqazı yenidən qarışdırmaq niyyəti güdür.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə deyib ki, rəsmi Bakı Rusiya-Ukrayna müharibəsinin başladığı ilk gündən etibarən neytrallığını elan edib. Bununla belə, həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslar qurur. Analitikə görə, Azərbaycan tərəfi gərginliyin bitməsi, sülhün əldə edilməsi istiqamətində dəfələrlə vasitəçiliyini təqdim edib. Hətta hər iki ölkə başçısının Bakıda bir araya gəlməsi belə təklif olunub: “Azərbaycan bu günə qədər nə Rusiyaya qarşı Qərbin tədbiq etdiyi sanksiyalara qoşulub, nə də Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tanıyıb. Əksinə, ölkə başçısı Prezident İlham Əliyev vaxtaşırı çıxışları zamanı Ukrayna ərazilərinin işğala məruz qaldığını da deyib. Digər tərəfdən, rəsmi Bakı hazırda Ukraynaya ən çox humanitar yardım ayıran ölkələrdəndir. Bütün bu və digər səbəblər rəsmi Bakının Rusiya-Ukrayna müharibəsində neytral ölkə olduğunu və neytrallığına sadiq qaldığını sübut edir. “Sabereen News”un yaydığı məlumat indiki məqamda iki məkrli məqsədə xidmət edir. Məqsəd rəsmi Bakının neytrallığını şübhə altına almaq və ya elan etdiyi neytrallığa sadiq olmadığını dövriyyəyə buraxmaqdır. Digər məqam isə Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməkdir. Bu məsələdə ancaq iki ölkə maraqlı ola bilər - İran və Ermənistan. Düzdür, “Sabereen News” saytı İraqın media resursudur, amma daha çox İrana yaxınlığı ilə diqqət çəkir. Daha dəqiq desək, dolayı yollarla SEPAH tərəfindən maliyyələşdirilir. Bir müddətdir İsrail-Azərbaycan münasibətləri üzərindən daxili auditoriyanı manipulyasiya etməyə çalışan İran indi də Bakıya qarşı fərqli təzyiq üsullarına əl atır. Rəsmi Tehran ilk dəfə deyil ki, belə bir addım atır. 2019-cu ildə də İsrail İraqda İrana bağlı Həşdi-Şəbi qruplaşmasına zərbələr endirəndə rəsmi Tehran hücum zamanı istifadə edilən PUA-ların Azərbaycandan qalxdığını iddia edirdi. Maraqlıdır ki, həmin hadisə zamanı da bu iddia İran, Rusiya və Ermənistan mediasında geniş şəkildə tirajlanmışdı. Hətta informasiya Qərbdə müəyyən media resurslarına yol tapmışdı. Bu mənada “Sabereen News” saytının ölkəmiz əleyhinə yaydığı dezinformasiyanın pərdəarxasında məhz İranın dayandığını iddia etmək üçün ciddi səbəblər var. O ki qaldı Ermənistana, rəsmi İrəvan İranın ölkəmiz əleyhinə yaydığı dezinformasiyanı geniş şəkildə tirajlamağa çalışır. Erməni lobbisi və diasporunun Rusiyada və Qərb ölkələrində nüfuzu məlumdur. Erməni disaporasına birbaşa və ya dolayı bağlı olan media qurumları mövcudur. İran indiki məqamda təkbaşına Qərb media qurumlarında Azərbaycan əleyhinə belə bir xəbəri tirajlaya bilməz. Buna görə də bu işdə ona Ermənistan kömək olur. Tehran və İrəvan indiki məqamda Moskvada Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyin formalaşmasına nail olmaq, ən azından prosesi ləngitməyə çalışır. Buna görə də belə saxta məlumatları “faktlar“ fonunda təqdim edərək ilk növbədə iki ölkə münasibətlərini baltalamağa çalışırlar”.