Savaşın gedişi Ukraynanın xeyrinə dəyişir
Rusiya çox ağır sanksiyalarla üzləşib, Krım tələbi də masaya gətiriləcək
"Danışıqların növbəti turunda Qərbin Ukraynaya verdiyi dəstək mühüm rol oynayacaq"
Ukrayna Prezidenti V.Zelenski Rusiya ilə razılığa gəlmək üçün öz şərtlərini açıqlayıb. Prezident bildirib ki, Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır: “Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır”.
Zelenski Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı cavab verməyib. O, jurnalistin Rusiya tərəfinin danışıqlara hazır olub-olmaması və bu görüşlərin məhsuldar olub-olmayacağı ilə bağlı sualını “Baxarıq” - deyə cavablandırıb. Prezidentin sözlərinə görə, Moskva qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”.
“Böyük Britaniya Ukrayna xalqını dəstəkləmək üçün əlindən gələni edir”
Böyük Britaniya Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodomir Zelenski arasında telefon danışığı olub. Hər iki lider yaxın günlərdə Prezident Putinə maksimum təzyiq göstərmək üçün sanksiyaların daha da genişləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər. Zelenski Ukraynaya müdafiə yardımının çatdırılmasında Böyük Britaniyanın dəstəyinə və rəhbərliyinə görə Baş nazirə təşəkkür edib və bunun Rusiya qüvvələrinə müqavimətdə həyati əhəmiyyət daşıdığını deyib. Ukraynaya hücumlardan təəssüf hissini bölüşən Conson bildirib ki, Böyük Britaniya Ukrayna xalqını və onun müqavimətini dəstəkləmək üçün əlindən gələni edir. Baş nazir prezident Zelenskiyə deyib ki, Böyük Britaniya bu gün BMT Baş Assambleyasının Nyu-Yorkda günortadan sonra keçiriləcək iclasında Rusiyanın mümkün qədər sərt şəkildə qınanmasını təmin etmək üçün təşkilatın üzvləri ilə bir araya gəlir. Baş nazir onun və Böyük Britaniya xalqının düşüncələrinin və dualarının Ukrayna xalqının yanında olduğunu söyləyib.
“NATO-nun Ukraynada müharibəyə müdaxiləsi səhv olardı”
Almaniya kansleri Olaf Şolts NATO-nun Rusiyanın Ukraynadakı müharibəsinə hərbi müdaxilə etməyəcəyini bildirib. Şolts hazırkı vəziyyətdə bunun səhv olacağını deyib: “Bizim hazırda etdiyimiz maddi və humanitar dəstəkdir. Edə biləcəyimiz budur. Düşünürəm ki, bu, doğru qərardır”. Kansler Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlamasının vacibliyini vurğulayıb: “Hazırda Ukraynadan gələn xəbərlər dəhşətlidir. Biz bu münaqişənin necə inkişaf edəcəyindən ciddi narahatıq və buna görə də bu vəziyyəti dəyişmək üçün mümkün olan hər şeyi etməliyik. Əlbəttə, indi məsələ ondadır ki, diplomatiya üçün daha böyük şans yaranıb”. Almaniya kansleri Rusiyanı bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb: “Mülki infrastruktura və mülki şəxslərə hücumlar dayandırılmalıdır”.
“Hazırda Rusiya iqtisadiyyatı ciddi zərbə alır”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya iqtisadiyyatı ciddi zərbə alır: “Ancaq hələ ki müqavimət ehtiyatımız var, ayaq üstə dururuq”. Xarici işlər naziri Sergey Lavrov da deyib ki, sanksiyalar gözlənilən idi. Lakin idmançılara və media işçilərinə tətbiq olunacağı Moskvanı təəccübləndirib. Nazir söyləyib ki, Qərb ölkələri Rusiya ilə yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılmasını müzakirə etməkdən imtina ediblər.
“Kreml Yanukoviçi Ukraynanın prezidenti elan etmək istəyir”
Rusiya Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviçi prezident elan etmək istəyir. Bildirilib ki, xəyanətdə ittiham edilən keçmiş prezident hazırda Minskdədir və Kreml onu prezident elan etmək üçün xüsusi əməliyyata hazırlaşdırır. Yayılan məlumatlara görə, Ukraynaya qayıtması üçün onun adından Ukrayna xalqına müraciət ünvanlanması və ya hər hansı informasiya əməliyyatının keçirilməsi mümkündür.
“Rusiya Ukraynaya 400-dən çox raket atıb”
Rusiya müharibə başlayandan bugünədək Ukrayna şəhərlərinə 400-dən çox raket atıb. Bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib. Rəsminin sözlərinə görə, ukraynalılar hələ də kifayət qədər raketdən müdafiə sistemlərinə malikdirlər.
Pentaqon nümayəndəsi qeyd edib ki, Rusiya bəzi ərazilərə digərlərindən daha çox nəzarət edir, baxmayaraq ki, havada üstünlük Ukraynaya məxsusdur. Müharibə başlayandan 6 gün ərzində Ukrayna Silahlı Qüvvələri artıq 6 minə yaxın rus əsgərini və yüzlərlə ağır texnikanı məhv edib. Rusiyada bu məlumatlar hələ də təsdiqlənməyib.
“Rusiya Ukraynaya qarşı yeni qəddar taktikalara əl atıb”
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Rusiya Ukraynaya qarşı yeni qəddar taktikalara əl atıb: “Rusiya Ukraynaya qarşı müharibədə yeni qəddar taktikalara əl atıb. İri şəhərlərin bombalanması, kütləvi mülki itkilər, əhali arasında qorxu və təşviş yaratmaq. Bunlar Rusiyanın yeni müharibə taktikasının əsas elementləridir”.
“Ukrayna imperial maraqlarla siyasət yürüdən bu dövlətə yaxşı bir dərs verdi”
Türkiyədə yaşayan professor Qafar Çaxmaqlı “Şərq”ə bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bir çox gözləntiləri dəyişdirdi. Onun sözlərinə görə, nəticələr Putinin hesablamalarının yanlış olduğunu ortaya qoydu:
“Ukraynada hakimiyyəti dəyişdirib, rusmeylli birinin başa keçirilməsi və Ukrayna ilə bağlı planlar puç oldu. Rusiya Ukraynada həm hərbi cəhətdən, həm də siyasi baxımdan məğlub durumdadır. Savaşın necə nəticələnəcəyindən asılı olmayaraq, Rusiya beynəlxalq təcrid vəziyyətinə salınıb. Putini bu durum geri addım atmağa vadar edərmi? İki ölkə arasında danışıqlar başlasa da, nəticə əldə edilməyib. Danışıqların tezliklə nəticə verəcəyi imkansızdır. Rusiya Ukraynaya istədiklərini diktə edə bilmir və savaşın gedişi Ukraynanın xeyrinə dəyişib. Rusiya çox ağır sanksiyalarla qarşı-qarşıyadır. Rusiyanın 2014-cü ildən işğal etdiyi ərazilərdən çıxarılması Krımla bağlı tələbləri də masaya gətirəcək. Danışıqların növbəti turunda Qərbin Ukraynaya verdiyi dəstək mühüm rol oynayacaq. Rusiya indiki halda geri çəkilməli, ölkəni ağır duruma salan Rusiya rəhbərliyinin uzaqlaşdırılması prosesi başlamalıdır. Əvvəl-axır Rusiyanın qonşulara qarşı aqressiv hərəkətlərinin nəticəsi olmalıydı. Ukrayna imperial maraqlarla siyasət yürüdən bu dövlətə yaxşı bir dərs verdi”.