Vardanyanın dövründə Qarabağın təbii sərvətləri talan olunub
Məlum olduğu kimi, Ruben Vardanyan “Laçın” postundan Ermənistana keçmək istəyərkən saxlanılıb. Kremlin mətbuat katibi Dmitri Peskov Vardanyanı “yalnız Rusiya vətəndaşlığı olacağı halda” müdafiə edəcəklərini bildirib. Sonradan bəlli olub ki, Vardanyan Rusiya vətəndaşlığından rəsmən imtina etdiyi üçün Moskva onu müdafiə etmək fikrində deyil.
Qeyd edək ki, Vardanyanın vətəndaşlıqdan çıxarılması ilə bağlı Prezident V.Putin 2022-ci ilin dekabrında fərman imzalayıb. Rusiya Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin deyib ki, Vardanyanın Rusiya vətəndaşlığından imtinası onun şəxsi seçimidir: "Bu, Rusiya pasportunun necə qiymətli olduğuna şübhə edənlər üçün yaxşı nümunə ola bilər". O bildirib ki, Rusiya vətəndaşlığından imtina etdiyi üçün Vardanyan Rusiyadan yardım ala bilməyəcək: “Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, buna görə də bu addımın bütün hüquqi nəticələri onun seçimidir. Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. Ona görə ki, indi Rusiya Federasiyasından yardım ala bilmir və almayacaq da”.
Bakıda dindirilən R.Vardanyan barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ruben Vardanyanın saxlanılması ilə bağlı onun həyat yoldaşı Veronika Zonabend də bəyanat yayıb. Zonabend hamıdan həyat yoldaşının sərbəst buraxılmasında kömək etməyi xahiş edib. O, erməniləri Ruben üçün dualar etməyə çağırıb. Rusiyalı politoloq Sergey Markov deyib ki, ona Qarabağda Azərbaycanın təbii sərvətlərinin oğurlanmasına qarşı da ittiham irəli sürüləcək. Çünki Vardanyanın dövründə təbii sərvətlərin talan edilməsi ilə bağlı çox danışılırdı: “Vardanyan bütün bu illər ərzində Rusiya elitasının bir hissəsi olub. O, bütün böyük rəisləri şəxsən tanıyır. Demək olar ki, hər kəsi maliyyələşdirirdi. Milyarderdir. O, Rusiya vətəndaşlığından imtina edib. Vardanyan deyirdi ki, bunu xalqına kömək etmək üçün edib. Skeptiklər deyirlər ki, Ruben yalnız Qərb ölkələrinin rus milyarderi kimi onun pullarına qarşı böyük sanksiyalarından sonra Rusiya vətəndaşlığından imtina edib xalqa kömək etmək istədi. Onun indi Rusiya vətəndaşlığı əvəzinə, həm Ermənistan, həm də Fransa vətəndaşlığı ola bilər”. Şübhə yox ki, rəsmi Bakının “qara siyahısı”nda olan Ruben Vardanyan “Laçın” sərhəd-keçid məntəqəsində həbs olunacağını bilirdi. Bunu bildiyi halda “Laçın” postundan keçmək cəhdi maraqlıdır. Görünür, Ruben Samvel Babayanın gedişindən sonra şansını yoxlamaq istəyib. Yaxud “Laçın” postunda həbs ediləcəyi təqdirdə sonradan buraxılması ilə bağlı kimlərsə, böyük ehtimalla Rusiya vəd verib. Bəlkə də Vardanyan Avropadakı əlaqələrinə güvənib və hesab edib ki, “dostları” onu darda qoymayacaq.
AĞ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında deyib ki, Ruben Vardanyanın Laçın yolunda saxlanması və Bakıya gətirilərək mühakimə edilməsi çox mühüm hadisədir. Partiya rəhbəri vurğulayıb ki, separatçı ünsürlər illər boyu Azərbaycan dövlətinə, xalqına, ordusuna qarşı saysız cinayətlər törədiblər:
"Cinayətlərin üzərindən illər ötsə belə separatçıların həbs olunması və məhkəməyə çıxarılması olduqca önəmlidir. Hər kəs bilməlidir ki, Azərbaycana və onun vətəndaşlarına qarşı edilən cinayətlər cəzasız qalmayacaq. Bu əməlləri törədənlər gec-tez layiqli cəzalarını alacaqlar. İstənilən hüquqi, legitim dövlətin haqqıdır ki, ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə zərbə vurmağa çalışan, təhdid edən separatçı-terrorçu ünsürləri aradan qaldırsın. Məsələn, üçün İkinci Dünya müharibəsində dəhşətli qətllər, işgəncələr törətmiş şəxslərin dünyanın müxtəlif ölkələrində həbs olunaraq mühakimə edilməsini göstərmək olar. Əlimiz çatan bütün separatçı-terrorçuları həbs etməliyik. Gec də olsa ədaləti bərpa etməliyik və hadisələrin təkrarlanmasına qətiyyən imkan verməməliyik".