Süni intellekt terrorçuların hücum imkanlarını dəfələrlə artırır - Ekspert

  • “Radikal şəbəkələr gəncləri sosial media üzərindən daha effektiv hədəfə ala bilirlər”

"Rəqəmsal imkanlardan, o cümlədən süni intellektdən bədniyyətli istifadə radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub.

Dövlət başçısı müraciətində təhlükəsizlik anlayışının qlobal xarakter aldığını diqqətə çatdırıb:

"Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır".

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri, İKT üzrə mütəxəssis Elvin Abbasov Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumuna müraciətində qeyd etdiyi məsələlər müasir dövrdə rəqəmsal təhlükəsizlik və milli təhlükəsizlik arxitekturasının ən kritik problemlərindən birini əks etdirir. Ekspertin fikrincə, süni intellekt texnologiyalarının ikili istifadə xüsusiyyəti onların həm mülki inkişaf, həm də bədniyyətli aktlar üçün eyni dərəcədə effektiv alətə çevrilməsinə şərait yaradır:

"Süni intellekt radikal qrupların və terror şəbəkələrinin fəaliyyət miqyasını bir neçə əsas texnoloji istiqamətdə genişləndirir. İlk növbədə, generasiyaedici süni intellekt alətləri vasitəsilə ekstremist ideologiyaların, saxta xəbərlərin və radikal təbliğat materiallarının kütləvi, fərdiləşdirilmiş və çoxdilli şəkildə istehsalı asanlaşır. Sosial mühəndislik alətləri və avtomatlaşdırılmış botlar vasitəsilə radikal şəbəkələr sosial media üzərindən gəncləri daha effektiv hədəfə ala və psixoloji təsir altında ələ ala bilirlər. Həmçinin, süni intellekt dəstəkli zərərli proqram təminatları, avtonom dron sistemləri və kiberhücum alətləri terrorçuların kritik milli infrastrukturlara qarşı kiber və fiziki hücum imkanlarını dəfələrlə artırır.

Bu texnologiyalar terrorçuluqla mübarizədə hüquq-mühafizə və xüsusi xidmət orqanları üçün tamamilə yeni risklər və çətinliklər ortaya çıxarıb. Ən böyük risklərdən biri radikal şəbəkələrin anonimliyinin və desentralizasiyasının artmasıdır. Saxta səs və vizual texnologiyalarının tətbiqi insidentlərin araşdırılmasını, şəxsiyyətin dəqiq təyin edilməsini və dezinformasiya dalğalarının qarşısının alınmasını mürəkkəbləşdirir. Digər tərəfdən, açıq mənbəli süni intellekt modellerinin kənar müdaxilələrlə təhlükəsizlik filtrlərinin sındırılması radikal qruplara təhlükəli kimyəvi, bioloji və ya kiber-silahların hazırlanması üçün təlimatlandırıcı məlumatlar əldə etməyə imkan verir".

E. Abbasov bildirib ki, risklərin qarşısının alınması üçün dövlətlər milli və qlobal miqyasda kompleks, çevik və texnoloji adekvat addımlar atmalıdırlar:

" İlk növbədə, süni intellekt sistemlərinin bədniyyətli istifadəsini, saxta kontentlərin kütləvi yayılmasını və avtonom silah texnologiyalarının qanunsuz dövriyyəsini sərt şəkildə tənzimləyən milli qanunvericilik bazası təkmilləşdirilməlidir. Hüquq-mühafizə və təhlükəsizlik orqanları radikal məzmunları, anomal kiber-fəallığı və terror maliyyələşdirilməsi kanallarını ilkin mərhələdə müəyyən etmək üçün özləri daha üstün müdafiə yönümlü süni intellekt analitika alətlərindən istifadə etməlidirlər.

Eyni zamanda, İT platformaları və süni intellekt tərtibatçıları ilə sıx əməkdaşlıq qurularaq modellerin təhlükəsizlik filtrləri gücləndirilməli, ekstremist məzmunların generasiyasına imkan verən boşluqlar operativ şəkildə qapadılmalıdır. Transsərhəd kiber-kəşfiyyat mübadiləsi və transmilli terror şəbəkələrinə karşı birgə əks-tədbirlər mexanizmi gücləndirilməlidir. Cəmiyyətin, xüsusilə gənclərin rəqəmsal savadlılığı və kritik təfəkkürü yüksəldilməli, dezinformasiya manipulyasiyalarına karşı cəmiyyətdə davamlı informasion immunitet formalaşdırılmalıdır.

Dövlətlərin texnoloji üstünlüyü qoruması və profilaktik tədbirləri vaxtında görməsi süni intellektin təhlükəsizlik riskinə deyil, elə təhlükəsizliyin özünü təmin edən effektiv alətə çevrilməsinin təməl zəmanətidir".