Xırdalandakı “Riyad” Ticarət Mərkəzinin yağış suları altda qaldığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görünən budur ki, sahibkarlara xeyli ziyan dəyib. Təkcə “Riyad”da deyil, şəhərin müxtəlif ərazilərində mağaza sahibləri günəşin bir balaca gülümsəməsini fürsət bilib islanmış mallarını səkilərə düzürlər ki, qurusun.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, kompensasiya ödənilməsi məsələsi obyektlərin sığortalı olmasından asılıdır:
- Əgər obyektlər təbii fəlakətlərdən də sığortalansa, çünki sığortanın növləri var, təbii fəlakətlər, yanğın və sair. Sığortalanmış istənilən obyektin sahibi kompensasiya almalıdır. Bunun üçün qanunvericilik bazası mövcuddur. Sığorta şirkəti dəymiş ziyanı ödəməlidir. Əgər sığorta şirkəti məsuliyyətdən qaçarsa, o zaman dövlət onları məsyliyyətə cəlb etməli, məhkəmə yoluyla da olsa, kompensasiyanın ödənilməsinə nail olunmalıdır.