- “Bakı şəhərində səs çirklənməsi normanı həmişə üstələyir”
- “Gecə saatlarında ağır texnika 110 desibel səs yaradır”
Milli Məclisin deputatı Naqif Həmzəyev gecə saatlarında tikinti işlərinin aparılmasına etiraz edib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat deyib ki, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması bir neçə üst-üstə düşən problemi ortaya çıxarır.
Deputat qeyd edib ki, bir çox tikinti şirkəti, xüsusilə beton tökmə, örtük işləri və ya yükdaşıma kimi əməliyyatları gecə saatlarında və ya bazar və bayram günlərində aparır: "Çünki gündüz vaxtı bu işlər ya küçə nəqliyyatının hərəkəti ilə üst-üstə düşür, ya da işçi qüvvəsindən “24 saat” rejimində istifadə etmək iqtisadi cəhətdən daha sərfəli olur. Nəticədə sakinlər yuxu və istirahət hüququndan məhrum olurlar. Bələdiyyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və digər qurumlar arasında səlahiyyət bölgüsü aydın deyil. Heç birinin 24 saat işləyən, dərhal sahəyə çıxan mobil ölçmə qrupu yoxdur. Cərimələr də ya minimal məbləğdədir, ya da nadir hallarda tətbiq olunur. Bu da böyük tikinti şirkətləri üçün “gözlənilən xərc” kimi qəbul edilir və çəkindirici təsir göstərmir. Problemi kökündən həll etmək üçün Şəhərsalma və Tikinti Məcəlləsində (əsas baza), İnzibati Xətalar Məcəlləsində, “Ekoloji təhlükəsizlik haqqında” qanunda və yerli özünüidarəetmə, bələdiyyə səlahiyyətləri ilə bağlı qanunvericilikdə də dəyişikliklərə ehtiyac var".
Yaşayış binalarının yaxınlığında uyğunsuz vaxtlarda təmir işlərinin aparılması Bakıda illərdir adi hala çevrilib. Vətəndaşlar, ətraf ərazilərdə yaşayan sakinlər üçün əzaba çevrilsə də. Gecə saatlarında çalışdırılan ağır texnikanın səs-küyü sakinlərin rahatlığını pozur. Bununla bağlı sosial şəbəkələrdə dəfələrlə paylaşımlar edilir, insanlar istirahət vaxtlarında kənardan eşidilən səslərin, hay-küyün onları narahat etdiyini bildirirlər.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında millət vəkilinin insanları narahat edən problemi gündəmə gətirməsini doğru olduğunu bildirdi:
- İnsanların istirahət hüququnun pozulmasına görə cərimələr qanunvericilikdə təsbit olunub. Bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə görə, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Bu cərimələr tikinti işlərinin uyğunsuz vaxtda aparılmasına görə də eynidir. Azərbaycan qanunvericiliyinə əsasən, gecə saatlarında ətrafda insanları narahat edəcək səs-küy yaratmaq və tikinti-təmir işləri aparmaq qadağandır və buna görə cərimələr nəzərdə tutulur. Ümumiyətlə, Bakı şəhərində səs kirliliyi, səs çirklənməsi əmsalı normanı həmişə üstələyir. Yaşayış binalarının bir neçə metrliyində, yaxud üzbəüz ərazidə əgər gecə saatlarında ağır texnika - ekskavator, buldozer, asfalt-yonan və ya betonqarışdıran, betontökən maşınlar çalışdırılırsa, bu, 90 ilə 110 desibel arasında səs dalğası yaradır. Halbuki səs-küyün həddi 60 dB olmalıdır. Məsafə və binaların divarlarının qalınlığı, səs keçirməzlik dərəcəsinə görə səsin mənzilə və ətrafa yayılma təsiri dəyşkən ola bilər. Məsələn, pəncərələr açıqdırsa, sakin eyvandadırsa səs dalğası demək olar ki, birbaşa daxil olur və mənzildə səs səviyyəsi 75–85 dB təşkil edir. Bu, intensiv magistral yolun kənarındakı və ya gur musiqi səsli bir kafenin daxilindəki səs-küylə eynidir. Tikinti şirkətləri sakinlərin, ümumiyyətlə vətəndaşların istirahət hüququnu pozmamalı, insanlara narahatlıq verdiklərinin fərqinə varmalıdırlar. Qanunu pozanlar cərmələnməlidir, cəzalanmalıdır.