- “Əxlaqımız və davranışlarımız yüksək səviyyədə olmalıdır”
- “Elə etməliyik ki, əcnəbilər ölkəmizdən heyranlıqla ayrılsın”
Yunanıstanın Santorini adasında turistlərlə yerli bələdçilər arasında anlaşılmazlıq yaranıb.
Alman turistlər adanın tarixi məkanlarından biri olan, Santorini limanına aparan dik pilləkənlərə uzunqulağa minərək qalxmaqdan imtina edərək, piyada qalxacaqlarını deyiblər.
Turistləri yuxarı daşımaq üçün uzuqulaqlardan istifadə edən və bundan gəlir əldə edən yerli bələdçilərdə isə bu kəskin narazılıq yaradıb və hətta onlardan biri alman turistə qarşı fiziki zor tətbiq edib. Bu barədə xarici informasiya mənbələrində görüntülər paylaşılıb. Alman turistlərin şikayəti əsasında yerli bələdçi saxlanılıb. Bu, bir müddət əvvəl ölkəmizdə motosikletçi əcnəbi xanıma qarşı nalayiq hərəkət edilməsi olayına bənzəyir. Motiv fəqli olsa da, nəticə eynidir. Zorakılıq. Deyəsən, turizmin mərkəzi sayılan ölkələrdə də son illərdə qazanc əldə etmək mədəniyyəti, etikanı arxa plana salıb. Bəzi ölkələr, o cümlədən Yunanıstan kimi tarixi abidələrinin zənginliyi ilə öyünən ölkədə də, turist itkisindən çəkinmir, “onsuz da gəlirlər, gələcəklər, bacardıqca çox pul qazanaq”, prinsipi ilə davranırlar.
Yunanıstanda baş vermiş hadisənin bizə birbaşa əlaqəsi olmasa da, turizmi inkişaf etdirmək yolunu tutmuş ölkə üçün göz ardı edilməyəcək məsələdir.
Dünyanın bir ölkəsində səfərdə olmuş D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında qeyd etdi ki, hər bir ölkənin nüfuzu öncə öz vətəndaşlarına, həmçinin xarici vətəndaşlara, qonaqlara necə münasibət göstərilməsindən çox asılıdır:
- Azərbaycan xalqı əxlaqı, mədəniyyəti və qonaqpərvərliyi ilə seçilən xalqdır. Ölkəmizə gələn qonaqlar da bu xüsusiyyəti həmişə vurğulayırlar. Təəssüf ki, bəzən üzdəniraq hallara yol verənlər tapılır, amma onlar layiqli cəzalarını alırlar. Heç bir halda qadına qarşı zorakı davranışa haqq qazandırmq olmaz. İstər əcnəbi olsun, istərsə yerli sakin. Qadınlarla mədəni, etik çərçivədə davranılmalıdır. Bir kişi qadına əl qaldırırsa, fiziki güc altında öz mənəvi gücsüzlüyünü göstərir. Yunanıstan turistlərin ən çox səfər etdiyi, tarixi yerlər, antik abidələr ölkəsidir. Əlbəttə, belə bir olay təəssüf doğurur. Turizmin inkişafını istəyən ölkə hər bir məsələdə nümunəvi olmalıdır. O cümlədən də bizim ölkəmiz. Biz turizmi inkişaf yolunu tutmuşuqsa, burda xidmət səviyyəsi də, əxlaqımız və davranışlarımız da cəmiyyətin hər bir üzvü tərəfindən çox yüksək səviyyədə olmalıdır. Turist getdiyi ölkə barədə təəssürat əldə edir, bunun yaxşı, ya pis olacağı bizdən asılıdır, bizim xarici qonaqlara münasibətimizdən, onlarla necə davranmağımızdan asılıdır. Elə etməliyik ki, ölkəmizə gələn hər bir əcnəbi buradan xoş təəssüratla ayrılsın, bizim mədniyyətimizə heyran qalsın. Qaydalara əməl etməliyik, sivil dünyanın bir parçası olduğumuzu, həm də milli dəyərlərimizi qoruduğumuzu da göstərməliyik.