Türkiyə Yaxın Şərqin əsas aktoruna çevrilir -ŞƏRH

"Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə paktı Yaxın Şərqdə Türkiyənin geosiyasi və hərbi mövqeyini daha da gücləndirəcək. Türkiyə bundan sonra Yaxın Şərqdə daha ciddi söz sahibi olan əsas aktorlardan birinə çevrilə bilər".

Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, İran uzun illər ərzində proksi qüvvələr vasitəsilə Yaxın Şərqdə öz təsir dairəsini və hərbi mövqeyini genişləndirməyə çalışıb:

" Suriyadan Yəmənə qədər İranın dəstəklədiyi müxtəlif proksi qüvvələrin mövcudluğu regionda təhlükəsizlik arxitekturasına ciddi təsir göstərib. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan yeni müdafiə mexanizmi İranın regionda təsir dairəsinin daha da genişlənməsinin qarşısının alınmasına yönəlmiş mühüm addım ola bilər. Təbii ki, yeni ittifaqın qarşıdakı mərhələdə daha çevik mexanizmlər formalaşdırması və İranın proksi qüvvələrinə qarşı yeni təhlükəsizlik mexanizmlərinin hazırlanması mümkündür. Bu proses xüsusilə Yəməndə husilərlə bağlı məsələdə özünü göstərə bilər. İraqda İranın dəstəklədiyi silahlı qruplar və Suriyadakı proseslər də bu baxımdan diqqət mərkəzində olacaq. Lakin burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: əgər Yəməndə husilər Səudiyyə Ərəbistanına hücum edərsə, bu, avtomatik olaraq Türkiyənin və ya Pakistanın İrana qarşı müharibəyə başlaması anlamına gəlməyəcək. Eyni zamanda, tərəflərdən birinə qarşı real hərbi təcavüz və ya quru qoşunları ilə işğal cəhdi baş verərsə, müdafiə paktının müvafiq mexanizmlərinin işə düşməsi mümkündür. Məsələn, Səudiyyə Ərəbistanına qarşı real işğal təhlükəsi yaranarsa, Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına hərbi və siyasi dəstək verməsi gündəmə gələ bilər. Eyni hal Türkiyə və ya Pakistana qarşı real hərbi təcavüz baş verdiyi halda da nəzərdən keçirilə bilər".

Analitik söyləyib ki, bununla belə, raket və ya dron hücumlarının hər birinin avtomatik olaraq kollektiv müdafiə mexanizmini işə salacağını düşünmək düzgün olmaz:

"Burada əsas məsələ hücumun miqyası, xarakteri və dövlətlərin ərazi bütövlüyünə yaratdığı təhlükə olacaq. Hesab edirəm ki, gələcəkdə bu mexanizmə Misirin və digər ərəb ölkələrinin də qoşulması mümkündür. Belə bir genişlənmə Yaxın Şərqdə yeni hərbi-siyasi təhlükəsizlik arxitekturasının formalaşmasına gətirib çıxara bilər. Təbii ki, İran bu prosesdən narahatdır və Tehran bunu müəyyən mənada ABŞ-ın regiona yenidən daha fəal şəkildə cəlb olunması kimi də qiymətləndirə bilər. Lakin burada başqa bir məqam da var: Türkiyə NATO üzvüdür və NATO üzvü olan Türkiyənin Yaxın Şərqdə təhlükəsizlik məsələlərində daha fəal rol alması ABŞ-ın da strateji maraqları ilə müəyyən qədər üst-üstə düşür. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan bu hərbi-siyasi əməkdaşlıq uğurlu olarsa, Yaxın Şərqdə yeni təhlükəsizlik balansının əsas elementlərindən birinə çevrilə bilər. Bu pakt İranın proksi qüvvələrinin fəaliyyətinə qarşı yeni mexanizmlərin yaradılmasına və regionda güc balansının dəyişməsinə ciddi təsir göstərə bilər".