Xüsusi təyinatlı qrupların təlimi:“Bu, mürəkkəb əməliyyatlar üçün peşəkar hazırlıq məşqidir”

“Hərbidə hədəflərin xarakterinə uyğun olaraq adekvat zərbələrin endirilməsi təcrübəsi göstərir ki, hava hücumundan müdafiə sistemləri daha çox aviazərbələr vasitəsilə məhv edilir”. 
“Sherg.az” xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. 
Ekspert bildirib ki, İkinci Qarabağ Müharibəsinin gedişatında Azərbaycan ordusu Ermənistanın zenit-raket komplekslərini ən müasir silahlarla darmadağın etmişdi: 
“İndi həmin texnikaların cəmləşdiyi ərazini hərbi qəbiristanlıq kimi qələmə vermək olar, metal yığını kimi qalan silahlar Azərbaycanın arsenalında olan ən müasir silahların (“Bayraktar”, “Harop”, lazer silahlar və sair) vurduğu damğaları üzərlərində daşıyırlar. Bəzən isə ballistik raketlərin və ya hava hücumundan müdafiə sistemlərinin yararsız hala salınması üçün aviazərbələr münasib versiya kimi nəzərdən keçirilmir. Çünki elə strateji nöqtələr olur ki, oranı böyük partlayış dalğası ilə məhv etmək məqbul sayılmır. Məsələn, yaşayış məntəqəsinə yaxın ərazilərdə mülki itki olmasının qarşısının alınması üçün avizərbə ikinci plan kimi nəzərdən keçirilir. Yaxud hava hücumundan müdafiə sistemlərinin idarəetmə məntəqəsindəki terrorçuların sağ ələ keçirilməsi əsas hədəf kimi qarşıya qoyula bilər. Belə mürəkkəb situasiyalardan yalnız xüsusi təyinatlı qüvvələrin peşəkarlığına müraciət edilir”.
A.Kərimov qeyd edib ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlı qrupların təlimi də belə əməliyyatlar üçün peşəkar hazırlıq məşqidir: 
“Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimin senarisində xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib. Diqqət çəkiləcək məqamlardan biri isə budur ki, təlim maksimum dərəcədə real döyüş şərtlərinə yaxınlaşdırılıb. Belə təlimlərdə məqsəd: - partlayışlar olmadan terrorçuların zərərsizləşdirilməsi, sağ ələ keçirilənlərdən əhəmiyyətli məlumatların öyrənilməsi, zenit-raket komplekslərinin bahalı mərmi atılmadan, sadə üsulla məhv edilməsidir. Təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri də izləyib”.