Ermənistan dəhlizi itirir, Rusiya neftlə sıxılır - ABŞ-Çin savaşı Azərbaycanın yolunu açır
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni iqtisadi təzyiqlər tətbiq etməklə bağlı açıqlamaları beynəlxalq enerji bazarında narahatlıq yaradıb. Tramp Ukrayna məsələsi ilə əlaqədar Rusiyadan neft alan ölkələri sanksiyalarla hədələyərək, onlara qarşı 500 faizlik rüsum tətbiq edəcəyini bildirib.
“Röyters”in enerji məsələləri üzrə eksperti Ron Busso bildirib ki, bu addım neftin qiymətində kəskin artıma səbəb ola, nəticədə ABŞ-də inflyasiya təzyiqləri arta və bu da Trampın qərarlarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.
O qeyd edib ki, Rusiya neftinin ən böyük alıcıları olan Hindistan və Çin üçün 100 faizlik rüsumların tətbiqi dünya üzrə təchizat zəncirində pozuntulara səbəb ola bilər. Təkcə iyun ayında Rusiya gündəlik 4,68 milyon barrel xam neft ixrac edib ki, bu da dünya üzrə tələbatın təxminən 4,5 faizini təşkil edir.
Trampın Rusiyadan neft alan ölkələrə rüsum tətbiqinin dünya iqtisadiyyatına təsirini şərh edən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib ki, 500 faizlik rüsum tətbiqi real olarsa, qısa müddətdə neft kəskin bahalaşacaq. Amma alıcılıq qabiliyyətinin buna cavab verə bilməməsi səbəbindən yenidən qiymət enəcək:
"Trampın Rusiyadan neft alan ölkələrə 500 faizlik rüsum tətbiqi real deyil. Bu mənada Trampın həmin açıqlamasını ciddiyə alan da yoxdur. Tramp sadəcə olaraq hədə-qorxu gəlmək üçün belə yüksək həddən danışır".
Ekspertin fikrincə, Rusiyadan neft alan ölkələrə ən maksimum 100 faizlik rüsum tətbiq oluna bilər: "Hətta bu rəqəmin özünə də ifrat qiymət kimi baxırlar. Yəni bu rəqəm də real deyil. İndiyə kimi, Tramp fəaliyyəti dövründə hansı dövlətə qarşı rüsum tətbiq edirdisə, əvvəlcə 100, 200 faizlik yüksək tariflərin tətbiqindən dəm vururdu. Amma sonradan həmin rüsum dərəcələrini 25 faizə endirdi".
Trampın təhdidi real olacağı halda isə ekspert dünya bazarında neftin qiymətinin kəskin bahalaşacağı qənaətindədir:
"Bahalaşma isə heç zaman uzunmüddətli olmur. Çünki bazarda həmin qiymətə adekvat cavab verən alıcılıq qabiliyyəti yoxdur. Nəticədə qiymət yenidən enəcək".
ReAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli isə Sherg.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı mümkün yeni iqtisadi sanksiyalarını, xüsusilə də neft bazarına yönəlmiş 100 faizlik rüsum planını geosiyasi və geoiqtisadi kontekstdə şərh edib. İqtisadçı qeyd edib ki, ilkin mənbələrdə ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft alan ölkələrə 500 faizlik rüsum tətbiq edəcəyi ilə bağlı fikirlər səsləndirilsə də, sonradan bu məbləğ 100 faiz kimi göstərildi.
Rusiya neftinin əsas alıcılarının Hindistan və Çin olduğunu xatırladan N.Cəfərlinin fikrincə, bu cür rüsumlar sadəcə iqtisadi deyil, həm də siyasi təzyiq vasitəsi, bir növ “dəyənək” funksiyasını daşıyır:
“Məqsəd, Rusiyadan neft alan əsas ölkələrin, Hindistan və Çinin üzərində təzyiq quraraq onları Moskvanın enerji resurslarından uzaqlaşdırmaqdır.
Mümkündür ki, Hindistan və Çinlə aparılan ciddi danışıqlar nəticəsində Rusiya neftindən imtina edilsin. ABŞ-nin bu cür sərt mövqeyi, Hindistan və Çinlə aparılacaq strateji danışıqlarda rıçaq rolunu oynaya bilər. Lakin bu ölkələrin bütövlükdə ABŞ ilə illik ticarət dövriyyəsi təxminən 1 trilyon dollar təşkil edir və bu miqyasda qarşılıqlı iqtisadi əlaqələr fonunda hər iki ölkənin bütün məhsullarına 100 faizlik rüsum tətbiqi real görünmür. Belə bir addım yalnız neft kimi spesifik məhsullar üzərində həyata keçirilə bilər”.
Sözügedən sanksiyaların enerji bazarındakı mümkün təsirlərinə toxunan N.Cəfərli bildirib ki, əksər hallarda sanksiyalar və iqtisadi təzyiqlər neft qiymətlərini artırsa da, bu dəfə vəziyyət fərqli ola bilər. Onun sözlərinə görə, Rusiya bazarlara çıxış imkanlarını qorumaq məqsədilə neftini daha ucuz qiymətə, hətta başqa ölkələrin adları altında satışa çıxarmağa çalışacaq. Bu isə beynəlxalq bazarda neftin ucuzlaşmasına səbəb ola bilər.