Zəngəzur dəhlizinin reallaşmasına az qaldı - TƏHLİL
Ermənistan regional və qlobal layihələrdən kənarda qalmaq seçimini edirsə, bu, Ermənistanın öz işidir
"Azərbaycan tərəfindən Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər sürətlə davam edir". Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Nazir vurğulayıb ki, şərq-qərb istiqamətində kommersiya potensialını artırmaq üçün Zəngəzur dəhlizini həyata keçirməyə çalışırlar: "Azərbaycan tərəfindən bu istiqamətdə işlər sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası istiqamətində də işlər görülür. Biz də Dilucu, İğdır və Qars arasında da bu ilin sonunda və ya gələn ilin əvvəlində bu istiqamətdə işə başlamağı düşünürük”.
Nazir qeyd edib ki, dəhliz ya Ermənistandan, ya da İrandan keçməklə reallaşacaq. Türkiyə bu alternativləri nəzərdən keçirir. Uraloğlu daha əvvəl bildirib ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanır. Nazirin sözlərinə görə, bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək.

Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, Azərbaycan üçün əsas olan Naxçıvanla quru birləşməsini təmin etmək idi və biz buna Zəngəzur dəhlizi deyirik. Ekspertə görə, Ermənistan ərazisindən, yəni tarixi Zəngəzur torpaqlarından keçməli olan dəhlizin müəyyən üstünlükləri olacaqdı. Ancaq İrandan keçəcək yol əlverişli variantlardan biridir və Azərbaycan bu sahədə həm iqtisadi, həm də diplomatik cəbhədə mübarizəsini davam etdirir:
"Ermənistan 10 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən üzərinə öhdəlik götürüb. Rəsmi Bakı bu məsələdə İrəvana təzyiq göstərir və Ermənistanın öz öhdəliyini yerinə yetirməsini tələb edir. Əlbəttə, Ermənistanın "kapriz"i ilə oynamaq fikrində deyilik. Layihənin reallaşması Azərbaycanın iqtisadi, siyasi və ticari gücünə güc qatacaq. Ona görə də alternativ variant olaraq İran İslam Respublikası ərazisində də alternativ dəhlizin reallaşması prosesinə artıq start verilib. Nəzərə alaq ki, İran-Azərbaycan arasında müəyyən gərginliklər yaşanmışdı, lakin son həftələr ərzində ölkələr arasında qarşılıqlı səfərlər, sərhəddə yeni yolların, körpülərin inşası münasibətlərin yenidən öz məcrasına geri qayıtdığını göstərir. Bu templə davam edərsə, Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək".
Ə.Şahidovun fikrincə, İrandan keçəcək alternativ yol layihəsi həm İran-Azərbaycan münasibətlərinin bərpası, həm də Azərbaycanın öz hədəflərinə çatması yönündə uğurlu gedişdir:
"Eyni zamanda Ermənistana bir mesajdır. Ermənistan öz ərazisindən Zəngəzur koridorunun keçməsini əngəlləməklə, əslində, özünün təcrid siyasətini davam etdirir. Azərbaycan artıq əsas istəyinə nail olub, öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa edib. Bundan sonra Azərbaycan özünün daha da güclənməsinə, inkişafına yönəlik addımlar atacaq. Ermənistan da "3+3" regional inkişaf layihəsində aktiv rol ala, öz xalqının rifahı üçün müəyyən addımlar ata bilər. Ermənistan regional və qlobal layihələrdən kənarda qalmaq seçimini edirsə, bu, Ermənistanın öz işidir. Yox əgər həqiqətən inkişafı istəyirsə, regional əməkdaşlığın önəmini qəbul edirsə, o zaman Zəngəzur dəhlizinin öz ərazisindən keçməsinə imkan verməlidir. Zəngəzur koridoru dediyimiz sadəcə ticari və siyasi əməkdaşlığın bərqərar olması üçündür. Azərbaycanın rəsmi şəkildə nə Ermənistana, nə də digər qonşu ölkəyə qarşı ərazi iddiası yoxdur və heç zaman da olmayıb. Zəngəzur dəhlizi yalnız böyük ölkələrin inkişafına və əməkdaşlığına xidmət edir".