100 ilin “Azərbaycan"ı

Bu mətbu orqan milləti aydın gələcəyə yönəltdi
Qəzetin birinci sayı Bakının bolşevik-daşnak dəstələrindən azad edilməsinə həsr edilib


Azərbaycan xalqının milli oyanış prosesində, habelə dövlət və dövlətçilik ideyalarının formalaşmasında milli mətbuatımızın rolu böyük və əvəzolunmazdır. Elə buna görə də milli mətbuat tariximizin başlanğıcı ilə milli şüurumuzun oyanış tarixinin üst-üstə düşməsi əsla təsadüfi hadisə deyil.

"Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində çox böyük inkişaf yolu keçib. Onun başlatdığı maarifçilik hərəkatının bəhrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə mediamız 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb, ziyalılarımız müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına xidmətlər göstəriblər.

Bu gün 100 illiyini qeyd etdiyimiz "Azərbaycan" qəzeti də bizə məhz o illərin - Xalq Cümhuriyyətinin yadigarıdır və həm də buna görə hər bir azərbaycanlının qəlbində onun xüsusi yeri var. 1918-ci il sentyabrın 15-də ilk sayı işıq üzü görən "Azərbaycan" qəzeti "Əkinçi"dən aldığı bayrağı şərəflə daşıyıb!
"Azərbaycan" qəzeti 1875-ci ildə böyük Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə əsasını qoyduğu milli mətbuat tariximizin yetişdiyi çox böyük hədəfdir...

Çünki Azərbaycan Xalq Cümhuriyyətinin özü XIX əsrin ikinci yarısından, xüsusən "Əkinçi"dən geniş vüsət almış maarifçilik hərəkatının, mətbu sözün vücuda gətirdiyi təsisat idi. "Azərbaycan" qəzetini də çox gənc yaşlarından publisist kimi fəaliyyət göstərən, cəmiyyətdəki yüksək nüfuza mətbu sözün qüdrəti hesabına yetişən cümhuriyyət qurucularımız yaradıblar.

Onlar mətbuatın mütərəqqi fikirləri ifadə etmək, milləti tərəqqiyə çatdıracaq yola səsləmək, düşmənlərinə iradələrini göstərmək üçün ən gərəkli vasitə, mötəbər tribuna olduğunu yaxşı bilirdilər. Odur ki, hökumətin siyasi kursunu xalqa izah edən mətbuat orqanı yaratmağı ilk gündən ən mühüm məsələlərdən biri kimi müəyyənləşdiriblər. "Azərbaycan" qəzeti belə yaranıb və bu qəzet ilk milli qəzetimizdən - "Əkinçi"dən başlayan, "Ziya" və "Ziyayi-Qafqaziyyə"dən, "Kəşkül"dən, "Şərqi-Rus"dan, "Molla Nəsrəddin"dən, "Həyat"dan, "İrşad"dan, "Füyuzat"dan, "Tərəqqi"dən, "Kaspi"dən, "İqbal"dan, "Açıq söz"dən, "Dirilik"dən, "Təkamül"dən... və daha neçə-neçə mətbuat orqanından keçib gələn yolun zirvəsi olub...

Dövrün tanınmış ziyalılarını, ictimai-siyasi xadimlərini, millət fədailərini ətrafına toplayıb. Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Əhməd Cavad, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Seyid Hüseyn, Ummugülsüm Sadıqzadə, Şəfiqə Əfəndizadə, Əliabbas Müznib, Məmməd Sadıx Axundzadə, Əli Yusif, Əli Şövqi, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə, Abdulla Şaiq, Abbas Səhhət, Adil xan Ziyadxanov, Məhəmməd ağa Şahtaxtlı, Hacı İbrahim Qasımov, Nağı bəy Şeyxzamanlı, Nəsib bəy Yusifbəyli, Hüseyn Bayqara, Əmin Abid, Behbud ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski və başqalarının məqalələri, şeirləri, elmi-publisistik yazıları bu qəzetin səhifələrində işıq üzü görüb.

Milli mətbuat tariximizin heç bir dövründə elə bir qəzet, jurnal təsəvvür etmək mümkün deyil ki, eyni vaxtda bu qədər düşüncə adamının ortaq tribunası olsun...

Milləti aydın gələcəyə yönəldən bu qədər fikir sahibinin tribunasına çevrilsin...
"Azərbaycan" qəzeti həm də buna görə dəyərlidir.
Qəzetin birinci sayı çox əlamətdar hadisəyə - Bakının bolşevik-daşnak dəstələrindən azad edilməsinə həsr edilib. Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan ilk sayda yer alan Qafqaz İslam Ordusunun qardaş köməyi barədə yazıları, bu ordunun komandanı Nuru Paşanın, eyni zamanda, Fətəli xan Xoyskinin Nuru Paşaya təbrik teleqramlarını bu gün oxuduqca müstəqillik fədailərinin illər boyu ürəklərində yaşatdıqları azadlıq yanğısını hiss etməmək mümkün deyil.
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzeti 1918-1920-ci illərdə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatı ilə bağlı yüzlərlə məqalə dərc etdirib. Cümhuriyyət tarixinin öyrənilməsində "Azərbaycan" qəzetində dərc olunmuş materialların mənbə kimi əhəmiyyəti çox böyükdür. Bu gün də "Azərbaycan" qəzeti həmin missiyasını yerinə yetirməkdə davam edir, ölkəmizin həyatında olduqca mühüm hadisələrlə yanaşı, həm də tariximizin ən konseptual məsələlərini müntəzəm olaraq işıqlandırır.

"Azərbaycan" qəzetinin toxunduğu taleyüklü məsələlər, təqdim edilən mövzuların işlənmə tərzi, mətnlərin peşəkarlığı, dil-üslub mükəmməlliyi və s. cəhətlərdən də baş qəzetdir... "Azərbaycan" qəzeti isə bunların heç birinə bənzəmir...

Universitetlərin jurnalistika fakültələrində təhsil alan tələbələr bu qəzeti rahatlıqla qarşılarına qoyub informativ janrlar, analitik janrlar, bədii-publisistik janrlar bir-birindən necə fərqlənir, - öyrənə bilərlər. Oçerk necə yazılmalıdır, zarisovka, esse necə işlənməlidir, yol qeydləri, məktub, felyeton, pamflet və s. necə qələmə alınmalıdır, - bu sənət sirlərinin hamısını "Azərbaycan" qəzetindəki rəngarəng mətnlərdən mənimsəmək olar. Bütün bunlar Azərbaycan və ümumilikdə dünya jurnalistikasının yüzillərlə formalaşmış peşəkarlıq ənənələridir. "Azərbaycan" qəzeti bu ənənələri çox uğurla davam və inkişaf etdirən məktəbdir...

İndiyə qədər bu məktəbdə nə qədər peşəkar yetişib. Qələmini, yaradıcılığını burada püxtələşdirib. Necə deyərlər, sənətin içində bişib.

100 il əvvəl yaşayıb-yaratmış, xalqın istiqbalı yolunda ömrünü şam kimi əritmiş yazarları kimi, "Azərbaycan" qəzeti bu gün də öz yazılarında tarixlə müasirliyi tutuşdurur, xalqımızın milli dövlətçilik duyğularına xitab edir, ənənə və müasirlik işığında vətənimizin aydın gələcəyinə yol göstərir.
"Azərbaycan" qəzeti ötən 100 ildə çox böyük inkişaf yolu keçib. Mühüm yaradıcılıq nailiyyətləri qazanıb. Xalq Cümhuriyyətinin süqutundan sonra digər sahələr kimi, milli mətbuatımıza da ağır zərbələr vuruldu, media tamamilə senzuralaşdırıldı, ortaya alternativ fikir qoymaq, problemləri işıqlandırmaq qadağan olunub. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra mətbuatımız bu buxovdan xeyli azad oldu, ətalətdən ədalətə keçib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini ölkə mediasının inkişafı sahəsində də davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq digər kütləvi informasiya vasitələrimiz kimi, "Azərbaycan" qəzeti də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova da Sherg.az-a açıqlamasında deyib ki, "Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra milli dövlətçiliyimizin ruporuna çevrilən "Azərbaycan" qəzetinin nəşrinə başlanıb: "1918-ci ilin martında Bakıda Azərbaycan xalqına qarşı törədilən soyqırım zamanı Azərbaycanın milli fikrini yayan maarif ocaqları, mətbuat orqanları bağlanır, redaksiyalar yandırılırdı".
O, diqqətə çatdırıb ki, 31 mart soyqırımında və sonrakı dövrdə bütün Qafqaz müsəlmanlarının milli fikir ocağı olan "İsmayiliyyə" binası, "Kaspi" və "Açıq söz" qəzetlərinin redaksiyaları məhv edilib:
"Milli mətbuatın fəaliyyəti üçün real imkan yox idi. Bakı bütövlükdə erməni-bolşevik hakimiyyəti altında idi və Azərbaycan müsəlmanlarına, milli düşüncəmizə qarşı təhdidlər qalırdı. Mövcud vəziyyət Bakı azad olunana qədər davam etdi, Azərbaycan milli maraqlarını təmsil edən mətbu orqanları təqib edildi.
Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra milli dövlətçiliyimizin ruporuna çevrilən "Azərbaycan" qəzetinin nəşrinə başlanıb. Hökumətimiz Gəncədə fəaliyyət göstərirdi və qəzetin ilk sayı da burada çap olunub. Bakının azad olunması ilə bağlı təbrik teleqramları, xəbərlər də həmin gün qəzetin səhifələrində yer alıb.

Qəzet 1918-ci il sentyabrın 15-i fəaliyyətə başlasa da, bundan əvvəl baş verən hadisələr də qəzetin səhifələrində yer alıb. Bununla, Azərbaycan cəmiyyəti həmin informasiyaları qəzet vasitəsilə əldə etmək imkanı qazanıb".

F.Əhmədova xatırladıb ki, Bakı azad olunandan sonra Azərbaycan hökuməti sentyabr ayının 17-si Bakıya köçüb. Bundan sonra Azərbaycanın milli maraqlarını ifadə edən nəşrlərin legitimləşdiyini bildirən tarixçi xanımın sözlərinə görə, yeni nəşrlərin açılması ilə müşahidə olunan güclü mətbuat yaranıb: "Ən böyük nailiyyət isə Azərbaycan mətbuatı üzərindən senzuranın götürülməsi olub. Ziyalılara sərbəst şəkildə qəzet, jurnal dərc etmək, informasiya yaymaq imkanı yaradılıb. Azərbaycan Cümhuriyyəti mövcud olduğu dövrdə sona qədər hökumətin prinsipi idi ki, mətbuat sərbəst, demokratik fəaliyyət göstərsin. Hətta hökumətə qarşı olan qüvvələr belə bunu etiraf etmək məcburiyyətində idilər.
Sentyabrın 15-i Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi günlə yanaşı, rəsmi dövlət qəzeti olan da "Azərbaycan" qəzetinin də ilk nömrəsinin işıq üzü gördüyü tarixdir. Cümhuriyyətimizlə yaşıd olan "Azərbaycan" qəzetinin ilk nömrəsi Gəncədə nəşr olunub. Qəzetin ilk redaktorlarından biri Üzeyir bəy Hacıbəyli olub. Qəzet 1919-ci il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışıb və 1951-ci ildə buna Münhendə (Almaniyada) nail olub.

Cümhuriyyətimizin şahidi olan bu qəzetin Azərbaycan tarixində hansı önəmə sahib olmasına gəldikdə isə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin, ümumiyyətlə, Qafqaz İslam Ordusunun Bakını işğaldan, erməni-bolşevik-daşnak birləşmələrindən və ingilis hərbi qüvvələrindən azad etməsinin 100 illiyi həm də Azərbaycanda milli mətbuatın bərpası dövrüdür:

"1918-ci il mart ayının 31-dən sentyabrın 15-nə qədər Azərbaycanda milli mövqeləri müdafiə edən qəzetlərin fəaliyyəti qadağan olunmuşdu. 6 ay Azərbaycanda milli maraqlara söykənən anadilli qəzetlər yalnız bolşevik platformasını qəbul edən "Hümmət" və "Bakı şurası məhbari" idi.

Sentyabrın 15-i bizim tariximiz üçün həm də Azərbaycanda milli mətbuatın bərpası günüdür və eyni zamanda "Azərbaycan" qəzetinin ilk sayının işıq üzü gördüyü tarixdir. "Azərbaycan" qəzetinin ilk 4 sayı Gəncədə nəşr olunub və 4 saydan sonra qəzet Bakıya köçüb. Ümumiyyətlə, AXC-nin ensiklopediyasını, bütün dövrlərini özündə əks etdirən yeganə qəzet "Azərbaycan" qəzetidir. Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun istiqlalına, xarici düşmənlərdən mühafizəsinə bu qəzetin çox ciddi təkanları olub".

"Azərbaycan" qəzetinin böyük bir məktəb olduğunu vurğulayan A.Aşırlı deyib ki, qəzetin 100 illiyinin keçirilməsi çox yaxşı olardı: "15 sentyabr həm də Azərbaycan jurnalistlərinin bayramıdır. "Azərbaycan" qəzeti rəsmi dövlət qəzetidir, parlament qəzetidir, Milli Məclisin orqanıdır. 1918-ci ilin "Azərbaycan" qəzetində də "Məclis-i Məbusan" sərlövhəli rubrika altında AXC parlamentinin bütün xəbərləri, iclasları işıqlandırılıb, parlamentdə müzakirəyə çıxarılan ayrı-ayrı qanun layihələri və mübahisə doğuracaq məsələlər barəsində kifayət qədər yazılar olub. Bu gün də həmin ənənələr davam etdirilir. Hesab edirəm ki, "Azərbaycan" qəzetini məhz 1918-ci il sentyabrın 15-də çıxan "Azərbaycan"ın bir varisi kimi qəbul etmək olar".

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb