“28 may günü yaşananlar “Mili Şura”nın təxribatı idi”

“Məqsəd odur ki, ölkədə, sosial şəbəkədə süni ajiotaj yaradılsın. Sonra da görüntüləri beynəlxalq təşkilatlara göndərərək Azərbaycandan şikayət etsinlər"
"Əli Kərimlinin Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət edərkən planlaşdırdığı ictimai təxribat idi”.
Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT rəhbəri Niyaməddin Orduxanlı deyib.
Partiya funksioneri bildirib ki, Əli Kərimli ictimaiyyətin diqqətini çəkmək, təxribatları ilə ölkənin siyasi gündəmini zəbt etmək üçün bu cür planlaşdırılmış təxribata əl atdı:
"Bu adam indiyədək istənilən dövlət tədbirlərində, milli matəm günlərində qəsdən ajiotaj yaratmağa cəhd göstərib. Necə olur ki, Əli Kərimlinin dəstəsindən bir saat öncə Musavat Partiyasının rəhbərliyi Rəsulzadənin abidəsini ziyarət edir, heç bir hadisə baş vermir, ancaq "Mili Şura” üzvlərinin ziyarəti zamanı münaqişə yaranır?! Əli Kərimli ətrafındakı şəxslərin hamısını məqsədli şəkildə öncədən öyrədərək belə bir təxribata sürükləyib. 
Məqsəd odur ki, ölkədə, sosial şəbəkədə süni ajiotaj yaradılsın. Sonra da görüntüləri beynəlxalq təşkilatlara göndərərək Azərbaycandan şikayət etsinlər. Özlərini "ana müxalifət” hesab edənlər məhz bu cür metoda əl atırlar. 28 may günü yaşananlar da Əli Kərimlinin təxribatı idi. Polislə qarşıdurmaya nə ehtiyac var idi? Polislər hər zaman asayişi qoruyur. Ancaq videolardan da görünür ki, mitinqçilər polisi təxribata çəkirlər”.
N.Orduxanlının sözlərinə görə, AXCP sədri ictimaiyyəti aldatmağa çalışıb:
"Əli Kərimli ötən gün gecə utanmadan bir status paylaşıb. Novxanıda Rəsulzadənin büstü önündə çəkilən fotodan görünür ki, orada təxminən 100-150 adam olub. Amma Ə.Kərimli statusunda yazıb ki, polisin "təxribatına” baxmayaraq, guya minlərlə insan ona qoşulub. Çox gülməli mənzərədir. Özünün qoyduğu şəkildə 80-100 adam ancaq olar, ancaq utanmadan ağ yalan danışır, ictimaiyyəti aldatmağa çalışır. Yüz nəfəri minlərlə adam kimi təqdim etmək, belə bir uydurmanı dilə gətirmək ancaq Əli Kərimliyə yaraşardı”.
İsmayıl